Bəllidir ki, Türkiyənin, daha doğrusu, Ərdoğanın siyasi xətti Qərbdə bir çoxlarını qane etmir. Müxtəlif imkanlardan istifadə edilərək Türkiyəyə qarşı daim belə addımlar atılır. İstər siyasi, istər iqtisadi, hərbi və ya texnoloji sahələrdə...
Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib:
"Biz görürük ki, son illərdə Türkiyəyə müxtəlif silahların satışına da embarqolar tətbiq edilir. Və indi də Yunanıstanı rəsmi Ankaraya təzyiq alətinə çevirməyə çalışırlar. O ölkədə yeni hərbi bazalar yaradılır, oraya yeni texnika və silahlar daşınır. Və s. Yəni sanki Türkiyəni NATO-dan uzaqlaşdırmağa hazırlıq görülür. Hərbi-siyasi baxımdan yox, operativ əməliyyat baxımından... Türkiyə buna qədər bölgədə NATO-nun dayağı idi. İndi hesab edirəm ki, əsas ağırlığı Yunanıstanın üzərinə qoymağa çalışırlar. Bu, Qərbin köhnə bir siyasətidir… Türkiyədə buna “dərin NATO” deyirlər. Çünki hesab edirlər ki, Şimali Atlantika Alyansında anti-Türkiyə siyasətini həyata keçirməyə çalışan hansısa dairələr var. Təbii ki, Türkiyə də bu oyunlara kifayət qədər hazırdır. Mütəmadi olaraq Türkiyənin sırf özünün istehsal etdiyi silah və texnikaların nümayişi haqda məlumatlar yayılır... Bu baxımdan Yunanıstanın fəallaşması uzun prosesin bir həlqəsidir...