Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi elan olunub. Vətəndaşlara yalnız vacib işləri olduğu halda çölə çıxmağa icazə verilir. Bəzi vətəndaşlar isə kredit ödənişlərinə görə bankların tələbini birmənalı qarşılamırlar. Hesab edirlər ki, karantin müddəti ödənişlərin gecikdirilməsində güzəştlər tətbiq olunmalıdır.
Xatırladaq ki, millət vəkili Aydın Mirzəzadə özəl banklarla məsləhətləşmələr apararaq xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif edib.
Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən Aydın Mirzəzadə bildirib ki, kredit borclarının dondurulmasına ehtiyac olduğunu bildirib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə bildirib ki, bu məsələ müzakirə edilir.
Mövzu ilə bağlı hafta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov dedi ki, karantin rejimi elan olunub və karantin rejimində hər bir vətəndaş iki saat müddətində evdən çıxa bilər:
“Həmin iki saata ərzində ərzaq almaq və habelə bank və poçt xidmətlərindən istifadə etmək nəzərdə tutulub. Yəni vətəndaş deyə bilməz ki, bank ödənişini evdən çıxa bilmədiyimə görə ödəyə bilmirəm. O zaman bank deyəcək ki, axı sənə iki saat icazə verilib. Digər ölkələrlə maraqlanmışam. Karantin müddətində heç bir ölkədə banka getmə nəzərdə tutulmayıb. Ancaq bu bizdədir. Açıq-aşkar bankların təsirini görmüş oluruq. Banklar öz istədiklərinə nail olublar. Vətəndaşlar deyə bilməz ki, karantin olduğu üçün pulu ödəmirəm. Yəni vətəndaşlara belə bir şans verilməyib. Nə qədər acınacaqlı olsa da bankların tələbi qanunauyğundur. Vətəndaşlar üçün karantin rejimi əsas deyil”.
Ekspert qeyd etdi ki, hər bir halda Mərkəzi Bank banklara göstəriş verə bilməz:
“Bu məsələdə Mərkəzi Bankın səlahiyyəti yoxdur. O göstəriş verə bilməz ki, vətəndaşlardan kredit ödənişini tələb etməyin. Mərkəzi Bankın bankların müştəriləri ilə olan münasibətinə qarışmağa ixtiyarı yoxdur. Mərkəzi bank bankların fəaliyyətinin qanunauyğun aparılmasına nəzarət edir. Amma, ehtiyac vardır ki, dövlət bu haqda qərar versin. Yəni kredit tətili olsun. Vətəndaşlar belə vəziyyətdə ödənişi müvəqqəti dayandırsınlar”.