"Yaralı fələstinlilər müalicə edilməyəcək!" - İsrailin səhiyyə naziri

10:00 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin səhiyyə naziri Moşe Arbel hücumlarda yaralanan fələstinlilərin dövlət xəstəxanalarında müalicə olunmayacağını bildirib.

Hafta.az-ın yazdığına görə, nazir Arbel bu qərarı İsrailin baş naziri Binyamin Netanyahuya göndərdiyi məktubda rəsmən açıqlayıb. O, məktubunda "Səhiyyə sistemi bu çətin dövrlərdə İsrail əsgərlərinin müalicəsinə və gələcək hadisələrə hazır olmağa diqqət etməlidir" deyib. Nazir bəyan edib ki, ictimai səhiyyə sisteminin rəhbərliyi altında fəaliyyət göstərən xəstəxanalar fələstinliləri müalicə etməyəcək.

Arbel bildirib ki, müalicə ilə İsrail Müdafiə Qüvvələri (IDF) və ya İsrail Həbsxana Xidmətləri məşğul olmalıdır. O, Səhiyyə Nazirliyi olaraq bu iki quruma lazımi köməklik göstəriləcəyini bildirib və Baş nazir Netanyahudan problemin ən qısa zamanda həlli üçün təcili göstərişlər verməsini istəyib.

Bu bəyanat HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də səhər saatlarında İsrailə “Əqsa tufanı” adlanan hücumundan sonra verilib.

Qəzzadan İsrailə atılan raketlər və fələstinli silahlı qrupların Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın etməsi İsrail ordusunun Qəzza zolağına hücuma keçməsinə səbəb olub.

Qəzzadan həyata keçirilən hücumlarda 1200 israillinin, İsrailin hücumlarında isə Qəzzada 1100 fələstinlinin həyatını itirdiyi bildirilib. Fələstinin Səhiyyə Nazirliyi də hücumlarda 5339 nəfərin yaralandığını açıqlayıb. Qəssam Briqadalarının oktyabrın 7-də başlatdığı hücumdan sonra İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumlarında 29 fələstinlinin öldüyü, təxminən 150 nəfərin yaralandığı bildirilib.

Siyasət rubrikasından digər xəbərlər