10 milyon dollardan çox təqaüd təklifi alan tələbə seçimini etdi

09:25 08.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da 186 məktəbə qəbul olunan və 10,1 milyon dollarlıq təqaüd təklifi alan Dennis Barnes getmək istədiyi universiteti açıqlayıb.

Hafta.az-ın “USA Today”a istinadən yazdığına görə, Luizianadakı Yeni Orlean Beynəlxalq Liseyinin yuxarı sinif şagirdi olan Barnes, cümə günü məktəbində etdiyi çıxışda Kornell Universitetində oxuyacağını söyləyib.

Barnes ABŞ-ın 8 prestijli universitetinin formalaşdırdığı “Ivy League”də yerləşən Kornelldə kompüter mühəndisliyi təhsili aldıqdan sonra proqram təminatı sahəsinə daxil olmaq istədiyini bildirib.

ABŞ-ın aparıcı media qurumlarından biri olan CNN-ə danışan Barnes, "Mən Yeni Orleandan uzaqlaşmaq istəyirəm. Şəhərimi sevirəm, amma çölə çıxıb yeni təcrübələr qazanmaq və daha əvvəl görmədiyim yeni şeylər görmək istəyirəm" deyib.

Tələbə universitetdəki təhsili boyu dünyanı dərk etmək və fərqli bir perspektiv qazanmaq  istədiyini də bildirib.

Barnes həmçinin kumirlərinin ABŞ-ın keçmiş prezidenti Barak Obama və məşhur tok-şou aparıcısı Opra Uinfri olduğunu, onlardan məsləhət almaq istədiyini bildirib.

Ailəsinin dəstəyi ilə uğur əldə etdiyini bildirən Barnes qazandığı təqaüdlərlə ABŞ-da rekord qırıb. Əvvəlki rekord Luiziana ştatının Lafayette şəhərində yaşayan 21 yaşlı Normaday Kormayerə məxsusdur. 2019-cu ildə, 21 yaşında, Kormayer 130-dan çox məktəbə qəbul olmuşdu və ümumilikdə 8,7 milyon dollar təqaüd təklifləri almışdı.