Bu gün 11 sentyabr terror hadisəsinin 21-ci ili tamamlanır. Məhz 2001-ci ilin bu günündə ABŞ-ın Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin ekiz binaları, eləcə də Pentaqon-un paytaxt Vaşinqtondakı mərkəzi iqamətgahının binasına sərnişin təyyarələrindən istifadə etməklə kamikadze hücumlar törədilib. Hücumlar zamanı 2996 nəfər yaşamını itirib, 6 minə yaxın insan yaralanıb. O cümlədən, Pentaqonun binasına hücum nəticəsində təyyarədəki 58 sərnişin, 6 ekipaj üzvü və Pentaqonun 125 əməkdaşı həlak olub.
Tarix boyu o qədər terror hücumları baş verib ki... Elə indinin özündə də demək olar hər gün əsasən hansısa müsəlman ölkəsində bu cür terror hücumunun baş verməsi barədə məlumat alırıq. Amma 11 sentyabr terroru həm qurbanlarının sayına, həm də taktikasına görə unikaldır. Üstəlik, ABŞ məhz 11 sentyabr terrorundan sonrakı müddətdə indiyədək həmin hücumun ağır nəticələrini hər bir mənada hiss etməkdədir.

Braun Universitetinin Müharibə Xərcləri Layihəsi tərəfindən dərc edilən hesabata görə, ABŞ 11 sentyabr 2001-ci ildə terrordan aldığı ziyan da daxil olmaqla, sonrakı quruculuq və terrora qarşı mübarizədə xərclədiyi vəsaitin həcmi 8 trilyon dollardır. 20 il ərzində xərclənən 8 trilyon dollar əslində ifadə edilən məbləği çox üstələyən itki deməkdir. Çünki real xərcin hesablanması üçün bu qədər pul ABŞ iqtisadiyyatını yaxşılaşdıracaq investisiyalara çevrilərsə, gətirəcəyi gəlirlər də üstünə hesablanacaqdı.
Bu yerdə qeyd edək ki, 11 sentyabrdan olayından əvvəl - 1991-2001-ci illərdə ABŞ özünün qızıl dövrünü yaşayırdı. 1991-ci ildə “Soyuq müharibə”dən zəfərlə çıxmış, elə həmin il “Körfəz müharibəsi”ndə böyük uğur qazanıb və bu müharibənin bədəllərini bölgədə yerləşən ərəb ölkələrinin üzərinə qoyub.
1991-2001-ci illərdə ABŞ hərbi və siyasi baxımdan dünyanın yeganə qütbü olmaqla yanaşı, iqtisadi gücü ilə də unikal və bənzərsiz bir mövqedə idi. Lakin 2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ üçün çox şey dəyişdi. 11 sentyabr hücumlarından əvvəl ABŞ-ın dövlət borcu 5,674 trilyon dollar təşkil edirdi. Bu rəqəmin ABŞ-ın illik gəlirinə (ÜDM) nisbəti 55 faiz olub. 1 yanvar 2021-ci il tarixinə borcun 27 trilyon 748 milyard dollara çatdığı və bu rəqəmin ABŞ-ın illik gəlirinə nisbətinin 130 faiz olduğu açıqlanıb. Bu məbləğin və nisbətin 2021-ci ildə sürətlə artmağa davam edəcəyi gözlənilirdi.
2001-ci ildə ABŞ-ın federal dövlət büdcəsinin kəsiri 128 milyard dollar olub və ölkənin büdcə kəsirinin illik gəlirə nisbəti 1,2 faiz təşkil edib. 2020-ci ildə isə ABŞ-da federal dövlət büdcəsinin kəsiri 3,4 trilyon dollara yüksəlib, bu kəsirin illik gəlirə nisbəti isə 15,6 faizə çatıb.
ABŞ və digər ölkələrdən olan ekspertlər hesab edirlər ki, bu dramatik dəyişikliyə səbəb məhz ABŞ-ın 2001-ci ildə apardığı müharibə, milli dövlət quruculuğu siyasətidir. Onlar hesab edirlər ki, ABŞ bu müharibələrə və hərbi layihələrə qoşulmasa, iqtisadiyyatını xeyli inkişaf etdirə bilər və belə bir dövlət borc yükü və büdcə kəsiri içində ilişib qalmaz.

11 sentyabr terroru sonrakı illərdə yeni problemlərə birbaşa yol açıb. O cümlədən, 2008-ci ildə ABŞ-da başlayan və bütün dünyaya təsir edən iqtisadi böhranda 11 sentyabr hücumlarının rolundan bəhs edilir. “Əl-Qaidə”nin o vaxtkı lideri Ayman əz-Zəvahiri açıqlamasında bu vəziyyətlə bağlı belə deyib: “2008-ci ilin payızından bəri ABŞ, Avropa və dünyanın qalan hissəsini bürümüş ağır iqtisadi böhran Nyu-York və Vaşinqtona hücumlar, eləcə də “Terrora qarşı müharibə” nəticəsində yaranan iqtisadi boşluğun əsas nəticələrindəndir”.
Qeyd edək ki, böhran 11 sentyabr hücumlarından sonra Amerika maliyyə bazarlarının durğunluğundan və xarici investorların bazara inamsızlığı səbəbindən investisiyalarını dondurması və Amerika Federal Bankının xalqın vergilərindən yığılan külli miqdarda nağd pulu bazarlara tökməsi nəticəsində yaranıb. Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin borc faizlərini 1 faizə endirməsi nəticəsində banklarda likvidlik şişməsi yaşanıb. Bu, borcların ən əsas vəsaitlərdən paylanmasına yol açdı, bundan sonra insanlar ipoteka proqramına əl ataraq ev almaq və ya digər istehlak malları əldə etmək üçün banklardan aşağı faizli kreditlər götürməyə başladılar. Nəticədə daşınmaz əmlak qiymətlərində inflyasiya yarandı. Bankların borcunu ödəyə bilməyəcəyini bildiyi insanlara ev satmasının səbəbi bu borcun ödənilməməsi nəticəsində müsadirə olunacaq evlərin banklar tərəfindən sonradan bahalaşacağı gözlənilən yeni qiymətlərlə başqa şəxslərə satılması olub. Yəni sonradan banklar borcunu ödəyə bilməyən əmanətçiləri aldadıb, evlərini geri alıb, borclarını başqa banklara daha yüksək faizlə satıblar. Lakin daşınmaz əmlakın qiymətinin düşməsi və ipotekaya qoyulan evlərin ilkin qiymətindən aşağı qiymətə satılması ilə bu vəziyyət daha da pisləşib. Pullarını saxlaya bilməyən ipoteka firmaları və banklar sonradan müflis olduqlarını elan etdilər. Bankları çaxnaşma bürüdükcə, onlar Amerika və Qərb hökumətlərindən bazara yüz milyardlarla vəsait çıxarmağı tələb edərək, digər banklara kredit verməyi dayandırdılar. Kapitalizmin və saxta faizə əsaslanan sistemin yükünü yalnız vergi ödəyiciləri daşıyırdı.

Bu, böhranın üç səbəbini izah edir: ikisi saxtakarlıq və sələmçilik, üçüncüsü isə aqressiv səlibçi təbiəti, yəni ABŞ və müttəfiqlərinin konkret günahkara deyil, bütövlükdə müsəlmanlara qarşı yürütdüyü qəddar siyasətdir. ABŞ Yaxın Şərqə yerləşmək üçün qondarma bəhanələrlə Əfqanıstanı, İraqı, Liviyanı, sonradan Suriyanı xarabaya çevurdi və təbii ki, digər region ölkələri də bu proseslərdən maksimum dərəcədə təsirləndilər, hansı ki, bu proses günümüzədək davam edir.
2002-ci ilin sentyabrında ABŞ-ın o vaxtkı prezidenti Corc Buşun iqtisadi məsələlər üzrə baş müşaviri Lourens Lindsi bəyan etmişdi ki, ABŞ-ın “terrorla müharibədə” xərcləri şübhəsiz ki, 200 milyard dolları keçməyəcək. Halbuki, ABŞ-da heç kim İraq və Əfqanıstandakı müharibələrin bu qədər uzanacağını və ABŞ-la əməkdaşlıq edənlərə bu qədər pulun axıdılması lazım olacağını qabaqcadan görə bilməzdi.
Dolların hələ də qlobal miqyasda ən böyük ehtiyat valyutası olması, şübhəsiz ki, ABŞ-a çox mühüm iqtisadi üstünlük verir. Neftdən təbii qaza, qızıldan gümüşə, gübrələrdən dəmir və poladına qədər qlobal ticarət beynəlxalq ticarətdə bu günə qədər ən çox istifadə edilən dollarla ölçülür. Üstəlik, bir çox ölkədə dollara olan tələb əmanətlərin dəyərini qorumağa davam edir. Bütün bunlar ABŞ-a inflyasiyadan qorxmadan külli miqdarda dollar çap etməyə və buraxmağa imkan verir. ABŞ böyük büdcə və cari hesab kəsirlərini və borc ödənişlərini belə maliyyələşdirir. Lakin müşahidə olunur ki, 2001-ci ildən bəri kəsir və borcların həcmi iki dəfə artaraq nəhəng rəqəmlərə çatıb.
ABŞ-da Corc Buşdan sonra seçilən bütün prezidentlər - Barak Obama, Donald Tramp və Co Bayden seçki ərəfəsində əvvəlki administrasiyanı nəhəng büdcə və cari hesab kəsiri, dövlət borcunun yükünün sürətlə artması səbəbindən ölkəni müflis etməkdə ittiham edir və problemləri aradan qaldıracaqlarına söz verirlər. Lakin ABŞ-ın bu yükləri vəzifəyə gəldikdən sonra da artmaqda davam edir. Bəzi ekspertlər qeyd edirlər ki, sərt qənaət siyasəti olacağı təqdirdə, hətta Texas və Kaliforniya kimi böyük, mühüm və zəngin ştatlar ABŞ-ı tərk edə bilərlər.
Bir sözlə, 11 sentyabr hadisələri və ABŞ-ın 20 il əvvəl başladığı “terrora qarşı müharibə” tədricən ABŞ-ı uzunmüddətli perspektivdə iflas və parçalanma təhlükəsinə sürükləyib və proses indi də edir.