İspaniyanın paytaxtı Madriddən təxminən 100 kilometr məsafədə baş verən güclü meşə yanğını nəticəsində 12 min hektar meşə və digər ərazi yanaraq məhv olub.
Hafta.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Məlumata görə, alov Sierra-Morena Milli Parkının bir hissəsinə də yayılıb.
Yanğın səbəbindən yüzlərlə şəxs təhlükəsiz ərazilərə təxliyə edilib. Bildirilib ki, yanğın meşəlik dağlıq ərazidə başlayıb. Həmin bölgədə nəsli kəsilmək təhlükəsi altında olan bir sıra heyvan növləri yaşayır.
Qeyd edək ki, bu, son həftələrdə İspaniyada baş verən ilk iri meşə yanğını deyil. Ölkədə tez-tez baş verən yanğınlar Avropada hökm sürən ekstremal isti hava şəraiti ilə əlaqələndirilir.
Bundan əvvəl Əndəlüsdə baş verən meşə yanğınları nəticəsində azı 12 nəfər həlak olub, 16 min hektar ərazi yanaraq məhv edilib.
Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) iyulun əvvəlində açıqladığı məlumata görə, Avropa İttifaqı ölkələrində ümumilikdə 126 min hektardan çox ərazi yanıb.