YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq genişlənir - FOTO

21:44 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyəti ölkəmizə səfər edib.

YAP-dan hafta.az-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Şəhidlərin xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Daha sonra nümayəndə heyəti YAP Yasamal rayon təşkilatında partiyanın Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, ÇKP-nin Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformasiya tədqiqatları mərkəzinin direktor müavini, nümayəndə heyətinin rəhbəri Kanq Şuay çıxış ediblər.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi sayəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. YAP ilə ÇKP arasında geniş əməkdaşlıq əlaqələrinin mövcudluğu vurğulanaraq qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, 2024-cü ilin noyabrında imzalanmış Əməkdaşlıq Memorandumu partiyalararası münasibətlərin inkişafına mühüm töhfə verir. Memorandum çərçivəsində, xüsusilə gənclər arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb. Həmçinin gənc partiya üzvlərinin gələcək layihələrdə fəal iştirak edəcəklərinə inam ifadə olunub.

YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev və ÇKP Mərkəzi Komitəsinin Mərkəzi və dövlət orqanları ilə iş komitəsinin Siyasi tədqiqatlar departamentinin sektor müdiri Vu Min təqdimatlarla çıxış ediblər.

Çin Kommunist Partiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Çin Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində də olub.

Dövlət İdarəçilik Akademiyasında rektor, YAP Veteranlar Şurasının üzvü, akademik Urxan Ələkbərov, ÇKP nümayəndə heyətinin rəhbəri Kanq Şuay və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış ediblər. Çıxışlarda iki ölkə arasında iqtisadi, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndiyi bildirilib. Dövlət İdarəçilik Akademiyası ilə ÇKP Mərkəzi Komitəsinin Partiya Məktəbi arasında imzalanmış Anlaşma Memorandumunun dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.

Nümayəndə heyəti, həmçinin "Çin Kommunist Partiyasının 105 illik şanlı yolu: Gənclərin baxışı ilə ÇKP-ni anlamaq" mövzusunda keçirilən konfransda iştirak edib. Səfər çərçivəsində qonaqlar İçərişəhəri, Dənizkənarı Milli Parkı, "Sea Breeze" istirahət mərkəzini və Mərkəzi Nəbatat Bağını ziyarət edib, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan "Operetta inciləri" konsert proqramını izləyiblər.