Pakistanda şəhərlərarası nəqliyyata xidmət göstərən unikal avtobus ictimaiyyətin diqqətini cəlb edir. Ölkə yollarında fəaliyyət göstərən birinci sinif üç mərtəbəli Limuzin Plus avtobus, dünyanın yataq oturacaqları ilə təchiz olunmuş yeganə üç mərtəbəli avtobusu kimi tanınır.
Hafta.az yazır ki, bu nəqliyyat növünün ən diqqət çəkən xüsusiyyəti onun şəxsi VIP bölmələridir. Bunlar avtobusun ən aşağı hissəsində, adətən baqaj hissəsində qurulub. Hər bölməyə ayrıca avtomobil qapısından daxil olmaq mümkündür. Xarici hissə limuzin üslubunda xüsusi aeroqrafiya ilə bəzədilib.
Lüks bölmədə divan-krovat, səs sisteminə qoşulmuş televizor, işıqlandırma sistemi, soyuducu, masa və sürücü ilə əlaqə üçün telefon var. Çoxları buradakı şəraiti Emirates hava yollarında biznes klass səyahətləri ilə müqayisə edir.
Avtobusun ikinci və üçüncü mərtəbələrində də rahat və lüks oturacaqlar var. Lakin sərnişinlər burada ortaq salonda səyahət edirlər və bilet qiyməti VIP kupelərlə müqayisədə olduqca münasibdir.
Avtobusda həmçinin mini-bar və mətbəx var. Yeməklər nəqliyyat vasitəsinin arxasında hazırlanır və sərnişinlərə verilir.
Bu unikal avtobus Pakistanın paytaxtı İslamabaddan Kvettaya gedir. Səyahət təxminən 10-12 saat çəkir. Maraqlıdır ki, bu "avtobuslar kralında" səyahət hər kəs üçün açıqdır və biletin qiyməti 4500 Pakistan rupisidir (Təxminən 27 manat 43 qəpik).