İmtahansonrası depressiya

15:42 10.07.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

İllərlə çəkilən zəhmət, aylardır davam edən gərgin hazırlıq, ailələrin böyük ümidləri. Beləcə, ali məktəblərə qəbul imtahanları hər il minlərlə gəncin taleyində mühüm mərhələ kimi qiymətləndirilir. Təəssüflər olsun ki, bəzən imtahanın nəticəsi bəzi gənclər tərəfindən həyatın son hökmü kimi qəbul edilir. Nəticədə sarsıdıcı xəbərlər yayılır: aşağı bal topladığı və ya istədiyi ali məktəbə qəbul ola bilmədiyi üçün intihar etdi. Bu hadisələr hər dəfə eyni sualları gündəmə gətirir - problem imtahanın nəticəsidir, yoxsa gəncləri bu çıxılmaz nöqtəyə aparan başqa səbəblər var? Valideynlərin yüksək gözləntiləri, cəmiyyətin "uğur" anlayışı bu prosesdə hansı rolu oynayır?

Mütəxəsislər bu və digər suallara Hafta.az-da aydınlıq gətiriblər.

“Onlar real imtahan mühitinə psixoloji cəhətdən hazır olmurlar və...”

Üzeyir Səfiyev, sosioloq:

- İmtahan mövzusu hər zaman cəmiyyət üçün həssas məsələlərdən biri olub. Bu gün də imtahan stresi, imtahan gərginliyi, uğursuz nəticə əldə edən abituriyentlərin yaşadığı psixoloji vəziyyət və bəzən bu vəziyyətdən çıxış yolu tapa bilməmələri cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Təəssüf ki, bəzi hallarda bu gərginlik ağır psixoloji travmalara, hətta intihar hallarınadək gətirib çıxara bilir. Əsas məsələ bu vəziyyətin niyə yarandığını araşdırmaq və onun qarşısının necə alınacağını müəyyənləşdirməkdir.

Burada həm abituriyentin, həm də valideynin müəyyən məsuliyyət payı mövcuddur. Bəzən abituriyentlər öz imkanlarını düzgün qiymətləndirmədən hədəflər müəyyənləşdirirlər. Maksimalist yanaşma nümayiş etdirir, lakin real imkanları həmin məqsədlərə çatmağa kifayət etmədikdə ciddi məyusluq yaşayırlar. Psixologiyada buna deprivasiya vəziyyəti deyilir. Yəni insanın arzuları ilə real imkanları arasında ciddi uyğunsuzluq yaranır. Bu isə imtahandan istənilən nəticəni əldə edə bilmədikdə ağır psixoloji sarsıntıya səbəb olur. Belə hallarda abituriyent aqressivləşə, özünə qapana, depressiv vəziyyətə düşə, müxtəlif psixoloji pozuntular yaşaya bilər.

Digər mühüm səbəb valideynlərin övladlarından həddindən artıq gözləntiləridir. Bəzən valideynlər öz reallaşmayan arzularını övladlarının üzərinə köçürür, onların yerinə hədəflər müəyyənləşdirirlər. Gözlənilən nəticə əldə olunmadıqda isə tənqid, irad və müqayisələr başlayır. Bu da abituriyentdə güclü günahkarlıq hissi formalaşdırır. Özünü ailəsini məyus etməkdə günahkar hesab edən gənc bəzən çıxış yolunu özünü cəzalandırmaqda görür. Bu isə həm psixoloji, həm də psixosomatik problemlərin yaranmasına, ən ağır hallarda isə intihara qədər gedib çıxa bilər.

Digər mühüm məsələ sınaq imtahanları ilə bağlıdır. Sınaq imtahanları real qəbul imtahanlarının mümkün qədər dəqiq simulyasiyası olmalıdır. Onların formatı, çətinlik səviyyəsi və təşkil olunma qaydası əsas imtahana maksimum yaxın olmalıdır. Təəssüf ki, bəzi abituriyentlər müxtəlif səbəblərdən mütəmadi sınaq imtahanlarında iştirak edə bilmirlər. Nəticədə onlar real imtahan mühitinə psixoloji cəhətdən hazır olmurlar və daha güclü stress yaşayırlar. Əgər sınaq imtahanları real imtahanın modeli kimi təşkil olunsa, abituriyent həmin gərginliyi əvvəlcədən yaşayaraq ona adaptasiya olar. Bu isə əsas imtahanda stressin əhəmiyyətli dərəcədə azalmasına kömək edər.

İmtahan öncəsi stressi artıran digər səbəblərdən biri də cəmiyyətdə formalaşan miflərdir. Tez-tez "əsl imtahan sınaqdan qat-qat çətin olacaq", "bu il suallar çox ağır hazırlanacaq" kimi fikirlər səsləndirilir. Bu cür əsassız informasiyalar abituriyentlərdə əlavə narahatlıq yaradır və onların psixoloji durumuna mənfi təsir göstərir.

Bundan başqa, həm valideynlərin, həm də abituriyentlərin nəticələri başqaları ilə müqayisə etməsi də ciddi problemdir. "Filankəsin övladı bu qədər bal topladı", "filankəs həmin universitetə qəbul oldu" kimi müqayisələr gəncdə özünü dəyərsiz hiss etməyə səbəb olur. Abituriyent də özünü başqaları ilə müqayisə etdikdə əldə etdiyi nəticəni uğursuzluq kimi qəbul edir və bəzən özünü müxtəlif formalarda cəzalandırmağa başlayır. Bu isə psixoloji vəziyyəti daha da ağırlaşdırır.

Bütün bunların qarşısını almaq üçün ilk növbədə sınaq imtahanları hər bir abituriyent üçün əlçatan olmalı, real imtahanın simulyasiyası formasında keçirilməlidir. Valideynlər bu dövrdə övladlarının yanında olmalı, onları tənqid etmək əvəzinə dəstəkləməlidirlər. Onlara aşılamalıdırlar ki, qəbul imtahanı həyat yolunun yalnız bir mərhələsidir. Bu, həyatın sonu deyil və uğursuz nəticə gələcək uğurun mümkünsüz olduğu anlamına gəlmir. İnsan eyni məqsədə növbəti cəhdlə daha hazırlıqlı şəkildə nail ola bilər. Abituriyentlər də bilməlidirlər ki, imtahan nəticəsi onların şəxsiyyətini və ya dəyərini müəyyən etmir. Onlar öz imkanlarını düzgün qiymətləndirməyi, emosiyalarını idarə etməyi bacarmalıdırlar. İmtahandan sonra gərginlik yaşayan, özünə qapanan, davamlı olaraq "kaş ki..." düşüncələri ilə yaşayan abituriyentlərə ailə üzvləri və dostlar xüsusi diqqət göstərməlidirlər. Bu dövrdə onlarla daha çox ünsiyyət qurmaq, dinləmək və mənəvi dəstək vermək olduqca vacibdir.

Psixoloji vəziyyət ağırlaşdığı hallarda mütləq peşəkar psixoloji dəstəyə müraciət edilməlidir. Burada utanılacaq və ya çəkiniləcək heç nə yoxdur. Psixoloqa müraciət etmək problemin həlli istiqamətində atılan ən düzgün addımlardan biridir və bir çox ağır nəticələrin qarşısını ala bilər.

Valideynlərin əsas vəzifəsi övladlarının potensialına uyğun məqsədlər müəyyənləşdirmək, onları düzgün istiqamətləndirmək və seçimlərinə hörmətlə yanaşmaqdır.

“Bu cür faciələri yalnız imtahan nəticəsi ilə izah etmək doğru olmaz”

Almara Ağaqızı, psixiatorpsixoloq:

- Bu cür faciələri yalnız imtahan nəticəsi ilə izah etmək doğru olmaz. İntihar heç vaxt tək bir hadisənin nəticəsi olmur. İmtahan nəticəsi çox vaxt sadəcə son damla, son təkan rolunu oynayır. Bunun arxasında uzun müddət yığılan emosional gərginlik, özünü dəyərsiz hiss etmə, uğursuzluq qorxusu, gələcəklə bağlı ümidsizlik, ailədaxili təzyiq, sosial müqayisələr və bəzən də əvvəldən mövcud olan psixoloji problemlər dayanır.

Bir çox yeniyetmə öz dəyərini yalnız topladığı bala bağlayır. Belə olduqda imtahanın nəticəsi onun gözündə sadəcə qiymət deyil, “mən kiməm?” sualının cavabına çevrilir. Halbuki insanın dəyəri heç vaxt bir imtahan nəticəsi ilə ölçülə bilməz.

Valideynlərin münasibəti uşağın psixoloji dayanıqlığının formalaşmasında ən mühüm amillərdən biridir. Uşaq valideyn sevgisini yalnız uğur qazandıqda hiss edəcəyini düşünməyə başlayırsa, hər uğursuzluq onun üçün sevgi və qəbuledilmə qorxusuna çevrilir. Təəssüf ki, “filankəsin övladı bacardı, sən niyə bacarmadın?”, “bu qədər xərc çəkdik”, “bizim ümidimiz sən idin” kimi cümlələr uşağın motivasiyasını artırmır, əksinə onun özünəinamını sarsıdır. Valideynlər nəticədən daha çox övladlarının göstərdiyi zəhməti qiymətləndirməlidirlər. Uşaq bilməlidir ki, uğur qazansa da, qazanmasa da ailəsinin sevgisi və dəstəyi dəyişməyəcək. Təhlükəsiz emosional mühit psixoloji sağlamlığın əsas şərtlərindən biridir.

Əksər hallarda bu cür hadisələrin arxasında depressiya, güclü narahatlıq, mükəmməlliyyətçilik, özünütənqid dayanır. İmtahan həmin daxili gərginliyi görünən edən son hadisəyə çevrilir. Buna görə də yalnız nəticəyə deyil, yeniyetmənin ümumi emosional vəziyyətinə diqqət yetirməliyik. Psixoloji problemlər vaxtında aşkarlanıb dəstək göstərildikdə belə faciələrin qarşısını almaq mümkündür. Risk əlamətləri bəzən açıq, bəzən isə çox incə formada özünü göstərir. Yeniyetmənin özünə qapanması, insanlardan uzaqlaşması, ümidsizlik ifadə edən cümlələr işlətməsi, “məndən heç nə olmayacaq”, “hamıya yükəm”, “yaşamağın mənası yoxdur” kimi fikirlər səsləndirməsi ciddi siqnaldır. Bundan əlavə, yuxu və iştahın dəyişməsi, əvvəllər sevdiyi fəaliyyətlərə marağın itməsi, səbəbsiz aqressiya, həddindən artıq sakitləşmə, şəxsi əşyalarını paylamağa başlaması, yaxınları ilə vidalaşmağa bənzər davranışlar da diqqətdən yayınmamalıdır.

Valideynlər və müəllimlər ilk növbədə mühakimə etmədən dinləməyi bacarmalıdırlar. “Keçəcək”, “özünü ələ al”, “şişirtmə” kimi ifadələr əvəzinə onun hisslərini qəbul etmək və ehtiyac olduqda vaxt itirmədən psixoloq və ya psixiatr dəstəyinə müraciət etmək vacibdir. Təəssüf ki, cəmiyyətimizdə hələ də uğur çox vaxt yalnız ali məktəbə qəbul olmaqla əlaqələndirilir. Bu düşüncə tərzi məktəbə qəbul ola bilməyən gənclərdə dəyərsizlik hissini gücləndirə bilir. Halbuki müasir dünyada uğura aparan yollar çoxşaxəlidir.

Gənclərə öyrətməliyik ki, həyat bir imtahandan ibarət deyil. İnsan bəzən ilk cəhdində yox, ikinci və ya üçüncü cəhdində öz yolunu tapır. Əsas olan insanın öz potensialını kəşf etməsi və inkişaf etdirməsidir. Bu məsuliyyət təkcə ailənin və ya məktəbin üzərinə düşmür. Burada bütün cəmiyyətin ortaq məsuliyyəti var. Ailələr övladlarına qeyd-şərtsiz qəbul və emosional dəstək göstərməli, məktəblərdə imtahan dövründə psixoloji hazırlıq proqramları və fərdi konsultasiyalar təşkil edilməli, psixoloqlar risk qrupunda olan yeniyetmələri vaxtında müəyyən edib dəstək verməlidirlər.