18 Oktyabr mütləq qeyd olunmalıdır - Açıqlama

16:39 24.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İyun ayında parlamentdə belə bir təklif oldu. Və hazırda biz deputatlar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının  30 illiyinin qeyd olunmasıyla bağlı bir sıra təkliflər hazırlayırıq. Həmin təklifləri, inşallah, dövlət rəhbərliyinə təqdim etmək fikrimiz var.  Yəqin ki, sentyabrın 27-də biz bu təklifləri  ünvanına çatdıra biləcəyik. Və hesab edirəm ki, bu münasibətlə tədbirlər keçiriləcək...

Bu fikirləri hafta.az-a millət vəkili Tahir Kərimli deyib. 

Onun sözlərinə görə, bizdə bir qədər başqa yanaşma var ki, əsas Müstəqillik Günü kimi məhz 28 May qeyd olunmalıdır:

"Odur ki, 28 may tarixi qeyri-iş günü elan edilməklə həmin gün rəsmən bayram olunur. Ancaq 18 oktyabr qeyri-iş günü sayılmır. Lakin bildiyimiz kimi, digər keçmiş sovet respublikalarında müstəqilliklərin bərpasını kifayət qədər yüksək səviyyədə qeyd edirlər. Bu münasibətlə siqnator, yəni istiqlalçı deputatlar təltif olunurlar. Hazırda bizdə də bu yöndə müəyyən müzakirələr aparılır. Sözsüz ki, Azərbaycanda da bu tarix qeyd olunacaq. Və biz istiqlalçılar da çalışırıq ki,  daha yüksək səviyyədə qeyd olunsun...

Şühəsiz ki, 18 Oktyabr Azərbaycan üçün əlamətdar bir tarixdir. Xüsusən həmin günün yetişməsində kifayət qədər rolu olmuş 43 istiqlalçı deputat üçün bu gün daha çox önəmlidir. Onlar bunun uğrunda böyük fədakarlıqlar göstəriblər, ölüm aclığı keçiriblər. O vaxt biz Ali Sovetdə aclıq edəndə və ruslar bizi gecə ilə götürüb naməlum istiqamətə aparanda da bilmirdik ki, başımıza  nə gələcək... Yəni biz deputatlar kimi, yüzlərlə, minlərlə insanımız da digər sahələrdə canlarını ortalığa qoyublar. Odur ki, 18 Oktyabr xalqımızın böyük uğurudur və mütləq qeyd olunmalıdır. Özü də vurğuladığınız kimi, bu dəfəki  yubileyi biz müzəffər dövlətimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində torpaqlarının əksər hissəsini işğaldan azad etmiş qalib bir xalq kimi qarşılayacağıq..."

 

Oxunma sayı 184
Siyasət rubrikasından digər xəbərlər