İspaniyada keçirilən xüsusi əməliyyat zamanı dünya çempionatı ilə əlaqədar satışa çıxarılması planlaşdırılan 66 mindən çox saxta futbol forması müsadirə olunub.
Hafta.az xəbər verir ki, əməliyyat İspaniya Polisi tərəfindən həyata keçirilib.
Madrid, Barselona, Malaqa, Elçe və Deniya da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yerləşən 15 ünvanda aparılan reydlər nəticəsində əqli mülkiyyət hüquqlarının pozulması ittihamı ilə 95 nəfər saxlanılıb.
Məlumata görə, müsadirə olunan məhsulların böyük hissəsi dünya çempionatı ilə əlaqədar hazırlanmış saxta milli komanda və klub formalarından ibarət olub. Təkcə Barselona və Jirona əyalətlərində 17 minə yaxın saxta idman geyimi aşkarlanıb.
İstintaq zamanı dünya çempionatında iştirak edən ulduz futbolçuların, o cümlədən Kilian Mbappe və Lamin Yamalın çıxış etdiyi komandaların formalarının qanunsuz şəkildə istehsal edilərək İspaniya bazarına çıxarıldığı müəyyənləşdirilib.
Hüquq-mühafizə orqanlarının hesablamalarına görə, satışa çıxarılsaydı, ümumi çəkisi 16 ton olan saxta məhsullar cinayətkar qruplara təxminən 2 milyon avro gəlir gətirə, rəsmi satış şəbəkələrinə isə 7 milyon avroya qədər zərər vura bilərdi./“Marca”/