18 taborluq hərbi birləşməni kim dağıtdı?! - Mehman Səlimov

10:34 15.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimovla hafta.az üçün bu dəfəki söhbətimizdə  həm ordumuzun tarixindən – 30 il bundan öncə Qarabağı azad etmək üçün özünün rəhbərliyi ilə yaradılmış 18 taborluq hərbi birləşmədən, həmin birləşmənin o vaxtkı müdafiə nazirinin iştirakıyla keçirilmiş hərbi paradından, paraddan sonra M.Səlimovun naməlum maskalı şəxslər tərəfindən qaçırılmasından və s. danışdıq.  Həmçinin müsahimizin rəsmi Bakı tərəfindən Qarabağdakı təbii ehtiyatların qanunsuz istismarını araşdırmaq üçün yaradılmış ekoloji-geoloji monitorinq qrupunun və jurnalistlərin hüquqi-tarixi ərazilərimizə  keçmək cəhdi zamanı torpaqlarımızda müvəqqəti yerləşdirilmiş Rusiya “sülhməramlı”larının qeyri-adekvat davranışları, hazırkı durumda Qarabağda antiterror əməliyyatının mümkünlüyü, Moskvanın buna mümkün reaksiyası  və s. barədə fikirlərini  öyrəndik.

- Ötəndəfəki söhbətimizdə siz 1992-сi ilin payızında Gəncə yaxınlığındakı Seyfəli poliqonunda rəhbərliyinizlə 18 taborluq hərbi birlik yaradılmasından danışdınız. Həmin ilin dekabrının elə bu günlərində ovaxtkı müdafiə naziri Rəhim Qazıyevin də  iştirakı ilə artıq hərbi təlim keçərək formalaşmış  birləşmənin paradı keçirildi. Amma dediyinizə görə, qısa müddət sonra o birləşmə dağıdıldı. Bəs Qarabağı işğaldan azad etmək üçün yaradılmış o boyda hərbi birləşmə hansı səbəbdən, kimin göstərişi ilə dağıdıldı? Yoxsa burada da Rusiya kəşfiyyatının rolu oldu?.

– Bəli, Kərim Vəliyev, Hikmət Mirzəyev, Ənvər Əfəndiyev, Nizam Osmanov, Oleq Rəsulov və digər vətənpərvər zabitlərimizlə birgə Seyfəli poliqonunda böyük zəhmətlər hesabına qurduğumuz o nəhəng hərbi birlik öncə bizə məlum olmayan səbəblərdən dağıdıldı. Bu məsələ indiyədək mənim üçün şübhəli olaraq qalır..

– Həmin proses necə baş verdi?

– Yadımdadır, 1992-ci il dekabrın 20-də Seyfəlidə birliyimizə ordu komandanlığı tərəfindən rəsmi təlim baxışı keçirildi. Müstəqilliyimizin bərpasından sonra yenicə formalaşan Milli Ordumuzun ilk rəsmi baxışlarından biri olan həmin tədbirə ovaxtkı müdafiə naziri Rəhim Qazıyev, Baş nazirin müavini, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, korpus komandiri Surət Hüseynov, Prezident Aparatından isə Arif Hacıyev qatılmışdı. Surət Hüseynov mənim rəhbərliyimlə iki aya yaxın intensiv təlimlər keçib formalaşmış hərbi hissə komandirlərinə döyüş bayraqlarını təqdim etdi. Sonra şəxsi heyətin, zirehli texnika, vertolyot və təyyarələrin iştirakıyla hərbi təlim nümayiş etdirildi. Tədbirdə o vaxt hələ Gəncədə olan keçmiş SSRI-nin 104-cü hücum-desant diviziyasının komandiri general Valeri Şerbak da iştirak edirdi... O, minlərlə Azərbaycan hərbçisinin qatıldığı hərbi təlimi müşahidə etdikdən sonra Rəhim Qazıyevə dedi ki, “Rəhim, nədi, İrəvanı almaq istəyirsən?”.. Nazir heç nə cavab verməyib gülümsündü. Mən isə rus generala yarızarafat-yarıgerçək cavab verdim ki, niyə də belə bir hücum olmasın...
Bu minvalla təlim baxışı bitdikdən sonra Surət Hüseynov Seyfəli birliyinin də daxil olduğu korpusun komandiri kimi mənə dedi ki, Gəncəyə gələrsən, bəzi məsələləri müzakirə edərik. Dəqiq xatırlamıram, həmin gün, yoxsa ertəsi gün axşam xidməti “Qaz-24” avtomobilimlə Seyfəli poliqonundan çıxıb Gəncəyə tərəf yollandım...

– Sizinlə bərabər rəhbər zabitlərdən kimsə var idimi avtomobildə?

– Xeyr, yalnız sürücüm idi... Poliqondan çıxıb sağa dönəndən sonra yol polisi postu yaxınlığında maşınımızı saxladılar...

– Kim idi sizi saxladanlar: polislər, yoxsa hərbçilər?

– Xeyr, mülki geyimdə maskalı şəxslər idilər...

– Silahlı idilər?

– Yox. Sadəcə, avtomobilimizin qarşısını da, arxasını da başqa maşınla kəsib bizi saxlamağa məcbur etdilər. Mən avtomobildən düşüb onlardan soruşdum ki, nə məsələdi, siz kimsiniz ki, yolumuz kəsmisiniz... Ondan sonra artıq heç nə yadımda deyil. Bilmədim, mənə arxadan boynuma iynə vurublar, nə ediblərsə, huşum gedib. Bir də ayıldım ki, bir qaranlıq məkandayam...

– Həmin naməlum şəxslər sürücünüzü də aparmışdılar, yoxsa?..

– Xeyr, sonra mən sürücüdən soruşdum ki, o vaxt sənin başına nə gəldi. Dedi ki, siz onlarla nəsə dediniz, sonra nə etdilərsə, sanki özünüzdən getdiniz və sizi maşınlarına mindirib apardılar. Mən isə Seyfəliyə qayıdıb başımıza gələnləri oradakılara danışdım...

– Sürücünüz də hərbçi idi?

– Xeyr, mülki adam idi...

– Adı yadınızdadırmı? Hazırda yaşayırmı, əlaqəniz varmı?

– Adı səhv eləmirəmsə, Tofiq idi, Gəncədən idi. Mən nazir müavini olanda bircə dəfə Gəncədə təsadüfən görüşdüm, ondan sonra, təəssüf ki, əlaqəmiz olmayıb...

– Sonra nə vaxt ayıldınız? Özünüzə gələndə hansı məkanda idiniz?

– Nə qədər vaxt keçdiyini deyə bilmərəm... Bir də ayıldım ki, bayaq dediyim kimi, qaranlıq bir otaqdayam... Yanımda da heç kəs yox idi. Nə qədər qışqırdım ki, kim var burda, məni buraya niyə salmısız, heç bir cavab verən olmadı... Təxminən 3 sutka ərzində mənə qapının arasından yemək, su qoyub gedirdilər. Gələnlərin üzləri görünmürdü və heç bir suala cavab vermirdilər...

– Saxlandığınız məkanda sizə qarşı hansısa zorakılıq hərəkətlərinə yol verilmədi ki?

– Xeyr. Heç barmaqları ilə də toxunmadılar... Sadəcə, 3 sutka məni ətraf aləmdən təcrid etdilər... Sonda da yenə də gözlərimi qara ilə bağlayıb maşına oturtdular. Gətirib bir yerdə düşürtdülər... Mən gözümdəki bağlamanı açınca onlar çıxıb getdi. Bir də gözlərimi açdım ki, Seyfəli poliqonuna yaxınlığındakı döngədəyəm. Yarımcan vəziyyətdə piyada gəlib çıxdım təlim mərkəzinə... Orada zabitlər, o cümlədən komandir müavini Kərim Vəliyev məni qarşıladı. Soruşdular ki, bəs neçə gündür sizdən narahat idik, harada idiniz. Başıma gələnləri onlara danışdım. Bir də diqqət etdim ki, poliqonda 18 taborluq qruplaşmadan əsər-əlamət qalmayıb, çox az sayda hərbçi görünür. Soruşdum ki, bəs haradadır qalan zabit və əsgərlər. Kərim Vəliyev məlumat verdi ki, nazirin yuxarı komandanlığın əmri ilə hərbi birliyi bölərək müxtəlif istiqamətlərə yolladılar. Sonradan öyrəndim ki, Seyfəli birliyinin çox hissəsini Nəcməddin Sadıkovun komandiri olduğu 703 saylı briqadanın tərkibinə qatıblar...

– Bəs başınıza gələnlər barədə nazir Rəhim Qazıyevə və korpus komandiri Surət Hüseynova məlumat verdinizmi?

– Rəhim Qazıyev həmin vaxt artıq Bakıda idi. Həmin hadisədən sonra, demək olar ki, mən onunla qarşılaşmadım. Poliqondakı vəziyyəti görüb öyrəndikdən sonra Gəncəyə korpus komandiri Surət Hüseynovun yanına yollandım və ona başıma gələnlər haqda məlumat verdim. Eyni zamanda qruplaşmanın dağıdılması səbəblərini də soruşdum... O isə cavab verdi ki, sənin naməlum şəxslər tərəfindən aparılmağından mənim qətiyyən xəbərim olmayıb. Elə bildim, siz nə isə məndən incimisiz, ona görə bu neçə gündə yanıma gəlməmisiz və Bakıya getmisiniz. Əvvəlcə dedi ki, Seyfəli qruplaşmasının niyə dağıdılmasından guya onun da dəqiq məlumatı yoxdur, yəqin, yuxarı komandanlığın, nazirin əmri ilə olub. Gah söylədi ki, narahat olma, sən sonra öyrənərsən nə baş verdiyini... Nə isə çox anlaşılmaz və dolaşıq cavablar verdi...

– Bəs həmin məqamda Surət Hüseynovdan şübhələnmədiniz ki, məni bir peşəkar hərbçi kimi dəvət edib o boyda hərbi birliyin formalaşması üçün əlindən gələni edən, Qarabağı birdəfəlik işğalçılardan azad etməyə çalışan bu adam, korpus komandiri baş nazir müavini, niyə indi belə danışır. Axı əslində Surət Hüseynov kimi o dövrdə ən azı Gəncəbasar və ətraf rayonlarda böyük nüfuzu olan, sözü keçən bir adam sizin başınıza gətirilənlərdən, 3 gün təcrid edilməyinizdən narahat olmalı idi və dərhal öz adamlarına, əlaltılarına göstəriş verməli idi ki, polkovnik Mehman Səlimovun başına bunları gətirilənlər dərhal tapılsın və cəzalandırılsın...

– Doğrusu, mənim üçün də onun belə münasibəti maraqlı oldu... Surət Hüseynov, sadəcə, cavab verdi ki, qruplaşmanın dağıdılmasına göstəriş Prezident Aparatı və Müdafiə naziri Rəhim Qazıyevdən gəldi, mənim gücüm çatmadı... Zaman gələr, hər şeyi öyrənərsən...
Sonra isə könlümü almaq üçün dedi ki, eybi yox, gəl indi yeni bir hərbi birlik yaradaq, sənə söz verirəm, bu dəfə onu heç kəs dağıtmayacaq və gedib torpaqları azad edəcəyik...

– Surət Hüseynov dedi ki, Seyfəli birliyinin dağıdılması üçün, Prezident Aparatından konkret kim göstəriş verib? O vaxtkı prezident Əbülfəz Elçibəyin xəbəri olmuşdumu bu məsələdən?..

- Xeyr,  Surət bu haqda konkret heç nə demədi… Sadəcə, dedi ki, mənim gücüm çatmadı. Ancaq sonradan belə dəqiqləşdirilməmiş informasiyalar yayıldı ki, guya kimlərsə  Elçibəyə Surət Hüseynovun Seyfəlidəki qruplaşmanı Qarabağı azad etmək üçün yox, hakimiyyəti devirmək üçün hazırladığı haqda məlumat verib. Və məhz buna görə  dövlət başçısı dərhal həmin qruplaşmanın dağıdılması haqda göstəriş verib. Lakin 1993-cü ilin yazından mən Prezident Aparatında çalışanda da həmin informasiyalar təsdiqini tapmadı…

Bilirsiniz, məsələ ondadır ki, SSRİ dağılandan sonra Qarabağ məsələsi həll olunmamalıydı. Ona görə də Rusiya və onun Azərbaycandakı adamları bunun üçün, yənin Azərbaycanın torpaqlarını azad edə bilməməsi üçün əllərindən gələni edirdilər.  Bu baxımdan belə nəticəyə gəlmək olur ki,  son dövrlərdə Nəcməddin Sadıqov kimilərin gördüyü əməllərdə,  “Tərtər işgəncələri”ndə olduğu kimi, Azərbaycan ordusuna qarşı 30 il öncəki bu təxribat da Rusiyanın əli var idi…

Göründüyü kimi, bu gün də II Qarabağ savaşındakı qələbəmizdən sonra da Moskva çalışır ki, məsələ tam həllini tapmasın, erməni separatçı-terrorçu silahlı birləşmələri Azərbaycan torpaqlarında qalsın və nəticədə “sülhməramlı” adlanan Rusiya hərbi kontingentinin burada hələ uzun illər qalmasına şərait yaransın... 

- Rusiya hərbi kontingentindən söz düşmüşkən, Mehman müəllim, Rusiyanın Azərbaycan torpaqlarındakı “sülhməramlı” sayılan hərbi kontingentinin Azərbaycan hökumətinin rəsmiləri və jurnalistlərinə qarşı son davranışlarını necə şərh edərdiniz?

- Onlar açıq-açığına Qarabağa erməni separatçı və terrorçularını müdafiə edib bəsləmək üçün gəliblər. Rusiya “sülhməramlı”larının məqsədi 10 noyabr bəyanatının 4-cü bəndinə uyğun olaraq torpaqlarımızdan çıxarmadıqları qanunsuz erməni silahlı birləşmələri vasitəsi ilə gərginlik yaratmaq və özlərinin ərazimizdəki mandatsız varlıqları üçün “əsas” yaratmaqdır... Biz onlara sübut etməliyik ki, siz Azərbaycan torpağında sülhməramlı kimi funksiyanızı yerinə yetirmirsiz. Bunun üçün eyni zamanda Azərbaycan dövləti Rusiya “sülhməramlı”larının son iki ildən çox müddətdəki bütün bəd, qanunsuz əməllərini sənədləşdirərək beynəlxalq təşkilatlara təqdim etməlidir. Həmin sənədlər əsasında heç  bir beynəlxalq mandatı olmayan bu hərbi kontingenti bütün dünya təşkilatları tərəfindən rəsmən tanınan öz qanuni ərazilərimizdən çıxarmağımız tamamilə mümkündür... 

 Bir sözlə, Rusiya hərbi kontingentini torpaqlarımızdan təcili şəkildə çıxarmalıyıq... Çünki bunların Azərbaycana zərər və təhlükədən savayı heç bir faydası yoxdur. Onlara qarşı heç bir güzəştə getməli deyilik…

- Necə hesab edirsiniz, indiki geosiyasi və hərbi-siyasi durumda, eləcə də Azərbaycanla arasında rəsmi və qeyri-rəsmi ziddiyyətlər olan Rusiya hərbi kontingentinin ərazimizdəki varlığı şəraitində rəsmi Bakının oradakı qanunsuz silahlı separatçı-terrorçu birləşmələrə qarşı genişmiqyaslı, son və qəti antiterror əməliyyatı keçirməsi doğru olarmı?

 - Bilirsiz, mən anlamıram ki, indiyədək, niyə bu genişmiqyaslı, son və qəti antiterror əməliyyatını keçirmirik. Bu, zəruridir. Vaxt keçir və Rusiya kontingenti, öncə dediyimiz kimi, nəinki 10 Noyabr bəyanatına uyğun olaraq Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah edib təmizləmir, əksinə, onların Laçın dəhlizi vasitəsilə silah-sursatlarının artırılmasına şərait yaradır... Artıq bütün dünya telekanallardan da gördü ki, Rusiya hərbçiləri separatçı-terrorçu erməni rejiminin qanunsuz “polisi”ni də arxasında gizlədir...  Rusiya tərəfinin qarşısında məhz bu məsələləri ciddi şəkildə qoymaq lazımdır. Onlara demək lazımdır ki, siz buraya təhlükəsizliyi təmin etməyə gəlmisiz, əksinə, təhlükə yaratmağa yox... 

 Bütün bu deyilənlər özlüyündə sübut edir ki, Kremlin göndərdiyi kontingent Azərbaycana işğalçı mövqeyindən yanaşır. Odur ki,  Azərbaycan dövləti həmin “sülhməramlı”lar olan bölgədə onların öz funksiyalarını necə yerinə yetirməkləriylə bağlı ciddi monitorinq keçirməli və onlara üzərlərinə düşən vəzifələri yerinə yetirmədikləri, eyni zamanda ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşı fəaliyyət göstərdikləri sübut edilməlidir. Üstəgəl bu “sülhməramlı”adlanan Rusiya kontingentinin komandanı olan Andrey Volkov erməni separatçı liderlərlə, o cümlədən Moskvadan Putinin Qarabağa “desant” kimi atdığı milyarder Vardanyanla birgə Azərbaycan ərazisindəki qızıl mədənlərini talamaqla məşğuldur. Bunun tam sübutlarını əldə edə bilsək, əlimizdə ən güclü “kozır”lardan biri olar. Bir sözlə, artıq bu kontingentin torpaqlarımızda bir gün də artıq qalmasına yol vermək olmaz... Onları, uzağı, 2023-cü il başlayan kimi sənədli-sübutlu əsaslarla Azərbaycan ərazisindən çıxarmaq lazımdır...

- Belə fikirlər də var ki, “sülhməramlı”lar orada olduğu halda biz hərbi əməliyyat keçirəriksə,  hətta Rusiya buna razılıq verəcəyi təqdirdə belə, Azərbaycana qarşı Gürcüstanda sınaqdan çıxarılmış “Cənubi Osetiya” variantı-təxribatı həyata keçirilə bilər...

- Bunu mümkün hesab etmirəm... Nəzərə alaq ki, bu gün artıq Rusiya 2008-ci ildəki Rusiya deyil. Yəni ola bilməz ki, Azərbaycan ordusu Qarabağda erməni terrorçularına qarşı əməliyyata başlasın və rus hərbçiləri onun qarşısına çıxmağa cəsarət etsin...

- Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasından əlavə qüvvə və texnika yeridə bilməzlər torpaqlarımıza?

-Hələ sovet dövründə mən Ermənistan ərazisindəki, məhz həmin Gümrüdə, indiki 102-ci bazanın yerində olan sovet-rus diviziyasında alay komandirinin müavini kimi xidmət etmişəm... Onların hərbi bacarıqlarına, döyüş qabiliyyətlərinə yaxşı bələdəm. Hazırda da 102-ci bazada 3-4 min rus hərbçisi var... “Müasir” rus ordusunun "nəyə qadir olduğu" da Ukraynada biabırçı şəkildə göründü... Bu gün həmin ordunun Ermənistan və Qarabağdakı tör-töküntülərinin Azərbaycan ordusunun qarşısına çıxmağa halı da yoxdur. Çıxsalar da, paylarını alıb qaçacaqlar...

- Bəlkə öncə “sülhməramlı”ların özlərini dinc, danışıqlar yoluyla ərazimizdən çıxarmaq lazımdır və  sonra antiterror əməliyyatı keçirmək gərəkdir ki, onlar əl-ayağa dolaşmasınlar?..

- Belə də olar... Hesab edirəm ki, öncə Rusiya kontingentini fakt qarşısında qoymaq lazımdır ki, siz 10 noyabr bəyanatına uyğun olaraq Azərbaycan torpaqlarındakı qanunsuz silahlı birləşmələri çıxarmalıydınız, lakin çıxarmamısız. İndi sizə müəyyən qədər vaxt veririk, məsələni həll etməsəniz, biz özümüz antiterror əməliyyatı keçirməyə məcbur olacağıq və siz buna qarışmayacaqsınız. Beləcə onların qarşısında ciddi şərt qoymaq gərəkdir...Yoxsa,  gözləyək ki, hələ 2025-ci il gələcək, Rusiya “sülhməramlı”ları ərazimizdən çıxaracağıq və həmin 3 illik  müddətdə də erməni işğalçı və separatçıları oraya kifayət qədər canlı qüvvə və texnika toplayacaqlar. Buna heç cür arxayın olmaq olmaz...