2022-ci il qlobal silah ixracına dair hesabat açıqlanıb

11:52 14.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci il üçün qlobal silah ixracı hesabatını dərc edib.

Hafta.az-ın yazdığına görə, hesabatda bildirilir ki, siyahının başında dayanan ABŞ-ın 2018-2022-ci illər arasında qlobal silah ixracatındakı payı əvvəlki dörd ilə nisbətən 7 faiz artaraq 40 faizə çatıb. İkinci yerdə yerləşən Rusiyanın payı 22 faizdən 16 faizə düşüb. ABŞ və Rusiyadan sonra üçüncü yerdə Fransa, dördüncü yerdə Çin və beşinci yerdə Almaniya qərarlaşıb.

2018-2022-ci illər arasında qlobal silah ixracatında payı yüzdə 1,1 olan Türkiyə reytinqdə 12-ci yerdədir. Əvvəlki dörd illik dövrlə müqayisədə Türkiyənin qlobal payının 0,5 faiz artdığı müşahidə edilib. Digər tərəfdən, iki dövr arasında Türkiyə silah ixracatını yüzdə 69 artırıb.

Türkiyənin silah ixrac etdiyi ölkələrdən biri də Qətər olub. Sözügedən dövrdə Türkiyə silah ixracının 20 faizini Qətərə, 17 faizini Birləşmiş Ərəb Əmirliklərinə və 13 faizini Omana həyata keçirib.

Türkiyə silah idxal edən ölkələr siyahısında isə 19-cu yerdə qərarlaşıb. İdxal siyahısında Hindistan birinci, Səudiyyə Ərəbistanı ikinci, Qətər üçüncü yerdədir. Türkiyənin qlobal silah idxalında payı 2018-2022-ci illər arasında 2,4 faizdən 1,3 faizə enib. Türkiyənin ümumi silah idxalı 2018-2022-ci illərdə əvvəlki dörd illə müqayisədə 49 faiz azalıb.

Hesabatda 2013-2017 və 2018-2022-ci illər arasında ABŞ-ın Türkiyəyə silah ixracının azaldığına dair məlumatlar da yer alıb. Bu inkişafın arxasında iki ölkə arasında siyasi gərginliyin dayandığı bildirilib. Son dörd ildə Türkiyə ABŞ-dan silah alan ölkələr siyahısında 7-ci yerdən 27-ci yerə düşüb.

ABŞ silahlarının 19 faizini Səudiyyə Ərəbistanına, 8,6 faizini Yaponiyaya və 8,4 faizini Avstraliyaya satıb. Dünyada 4,2 faiz paya sahib olan Almaniya 18 faizlə Misirə, 17 faizlə Cənubi Koreyaya və 9,5 faizlə İsrailə ən çox silah satıb.

Qlobal ixracat siyahısında lider ölkələrdən olan ABŞ-ın ümumi silah ixracı yüzdə 14, Fransanınki isə 44 faiz artsa da, Rusiyanın 31 faiz, Çinin 23 faiz və Almaniyanın 35 faiz ixracı azalıb.

SIPRI tədqiqatçısı Pieter Vezeman, Çinin ümumi ixracatındakı azalmanı qiymətləndirərək, "Çin dünyanın ən əhəmiyyətli silah bazarlarına girə bilmədi. Siyasi səbəblər zaman-zaman təsirli oldu" deyib. Məsələn, Çinin siyasi rəqibi Hindistana silah satmadığını qeyd edən Vezeman, “Təəccüblüdür ki, Çin ABŞ və Avropanın rəqibi olaraq, Yaxın Şərq ölkələrində də möhkəmlənə bilmədi. Fransanın ixracatındakı 44 faizlik artımla bağlı Vezeman, "Fransanın silah ixracatındakı dəyişikliyin struktur fonu var. Fransa silah sənayesini çox həvəsləndirir və son on ildə bu sahədə çox uğurlu olub" deyib.

Hesabatda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropadan silah idxalının fövqəladə artdığına dair məlumatlar da yer alıb.

Məlumata əsasən, 2018-2022-ci illərdə beynəlxalq silah transferləri 2013-2017-ci illərlə müqayisədə təxminən 5 faiz azalıb. Bu ümumi tendensiyanın əksinə olaraq, Avropa ölkələrinin silah idxalı 47 faiz, NATO üzvü olan Avropa ölkələrinin idxalı isə 65 faiz artıb.

Silah idxalı artan Avropanın beynəlxalq silah transferlərindəki rolu da xeyli yüksəlib. Bu çərçivədə 2013-2017-ci illər arasında 11 faiz paya malik olan Avropa ölkələrinin payı 2018-2022-ci illərdə yüzdə 16-ya yüksəlib.

Siyasət rubrikasından digər xəbərlər