2023-də neft bazarı – Qiymətlər necə dəyişəcək?

10:45 12.01.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il üçün neftin qiyməti üzrə proqnozunu 10 faiz endirib. Qurumun hesablamalarına əsasən, 2023-cü ildə “Brent” neftinin qiyməti bir barel üçün 9,26 dollar azaldılaraq 92,36 dollardan 83,1 dollara endiriləcəyi ehtimal olunur. Proqnoza əsasən, “WTI” markalı neftin ortalama qiyməti cari ildə 77,18 dollar səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 9,18 dollar azdır.

Dünya Bankı (DB) da öz növbəsində neftin qiyməti ilə bağlı proqnozunu azaldıb. Belə ki, 2023-cü il üzrə neftin bir bareli üzrə qiymətini 88 dollar proqnozlaşdırıb. Bu isə Bankın əvvəlki proqnozuna nisbətən 4 faiz azdır. Bank neftin 2024-cü il üzrə proqnozunu isə dəyişməyərək 80 dollar müəyyən edib.

Bəs, görəsən, aparıcı beynəlxalq təşkilatların neftin qiyməti ilə bağlı proqnozları aşağı salmasına səbəb nədir? Neftin bu ilki qiyməti beynəlxalq qurumların proqnoz etdiyi səviyyədə olacaqmı? Azərbaycanın 2023-cü il büdcə sənədində nəzərdə tutulan neft qiyməti özünü nə dərəcədə doğruldacaq?

Məsələni qəzetimizə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, son illərdə dünyada neftin qiyməti heç vaxt stabil olmur: “Neft bazarı olduqca kövrək bazardır. Bazara hansı istiqamətdə informasiyalar daxil olursa, ona mütənasib olaraq da qiymətlər ya yuxarı qalxır, ya da aşağı enir. Əgər biz bu ilin birinci dekadasına baxsaq, neftin-qazın qiyməti demək olar ki, ortalama eynidir. Məsələn, ötən il yanvarın 5-də qazın qiyməti 800 dollar idi. İndi yeni il başlayandan qaz bir dəfə bu ayın 5-də 696 dollara ensə də, artıq 800 dollar ətrafında ticarət edilir. Neftin qiyməti əgər ötən il bu günlərdə 82 dollar idisə, hazırda 79-80 dollar ətrafındadır. Ümumən götürsək, vəziyyət bir il əvvəlki məcrasına qayıdıb. Belə baxırıq ki, neftin qiymətinin ciddi yüksəlmə tempi yoxdur. Bu baxımdan ki, yanvarın 10-da Dünya Bankı dünya iqtisadiyyatının 2023-cü ildə inkişafına dair proqnozlarında yeni korrektələr edib. Və bunu 1 faiz ətrafında aşağı salıb. Bu dünya iqtisadiyyatı üçün təsirli aşağıdüşmə tempidir. Bu isə ondan qaynaqlanır ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyanın ən cəlbedici bazarı Avropa kasıblaşır. Bu qitə kasıblaşdığından insanlar daha az xərcləmələr edirlər, ticarət dövriyyəsi azalır. Nəticədə ümumi daxili məhsul

azalır. Digər bir tərəfdən, Avropanın ötən ilin mayında enerjiyə qənaaət məqsədilə təbii qaz istehlakını 15 faiz azaltma planını qəbul etdi. Məsələn, İtaliya, Almaniya kimi ölkələr enerji qənaətinə 21-23 faizə qədər nail ola bildilər. Bütün bunlar da ona gətirib çıxardı ki, bazarda qıtlıq yaranmadı. Bilirsiniz ki, ötən ilin dekabrın 5-də Avropa İttifaqı ölkələri Rusiya neftinə tavan qiymətinin tətbiqi ilə bağlı da razılığa gəldilər. Artıq Almaniya bəyan edib ki, Rusiya neftinin idxalını

sıfıra endirib. Hazırda Rusiya neftinin ən böyük istehlakçısı Hindistan və Çindir. Digər bir tərəfdən biz bu həftə gördük ki, Səudiyyə Ərəbistanı artıq avropadakı istehlakçılarına endirim etdi. Yəni, bu gün bazarlarda heç bir qıtlıq yoxdur. Baxmayaraq ki, bazarların yenidən format edilməsi prosesi gedir və bu ilin axırınadək də davam edəcək. Eyni zamanda, qiymətlər psixoloji olaraq artıq müharibəyə alışıb. Və ona görə də neftin və qazın qiymətinin ziqzaqvari dəyişməsindən hesab edirəm ki, artıq hansısa yeni bir təlatümlər olmayacaqsa, bucaqları hamarlanmış bir səpkidə qalxıb-enmələrlə 2023-cü ili başa vurmaq olar. İkinci bir tərəfdən, tutaq ki, 2023-cü ildə müharibənin başa çatdığı elan oluna bilər. Bu informasiya da bazarlara müsbət təsir edəcək. Çünki bir sıra hərbi-siyasi risklər aradan qalxacaq. Tutaq ki, indi neft 79 dollara ticarət edilirsə, bir müddət 70 dollara və ondan aşağı da ticarət edilə bilər. Və ya 2023-cü ildə elan oluna bilər ki, müharibənin yeni fazası başlayır. Bu halda neft 110 dollara qədər qısamüddətli sıçrayış edə bilər. Lakin ümumilikdə götürsək, ötən ili “Brent”nefti 101 dollar orta qiymətlə başa vurdusa, cari il üçün proqnozlar 96-97 dollar ətrafındadır”.

Onun sözlərinə görə bu qiymət istənilən halda Azərbaycan üçün də məqbuldur: “Məlumdur ki, bu iln büdcə sənədində neftin qiyməti 50 dollardan götürülüb.      İndi 50 dollar neft üçün orta qiymətdir. Fikrimcə, bu qiymət realdır. Birjadakı abı-havadan asılı olaraq qiymətlər dəyişir, rüblük, illik orta qiymət çıxarılır. Azərbaycan hökuməti özünü bütün risklərdən sığortalamaq üçün qiyməti 50 dollardan götürüb. Reallıqda bu il qiymət 50 dollardan yüksək olacaq”.