“2037-ci ilə qədər Tacikistanı “yaşıl ölkə”yə çevirəcəyik” – Ahliddin Nuriddinzoda

11:44 28.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Tacikistan 2023-2037-ci illər üçün Yaşıl İqtisadiyyatın İnkişafı Strategiyasını qəbul edib ki, bu da ölkə iqtisadiyyatının bütün sektorlarında davamlı təcrübələrin tətbiqi üçün iddialı məqsədlərə nail olmağı nəzərdə tutur”.

Hafta.az-ın yazdığına görə, bunu Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda deyib. Nazir müavini bildirib ki, 2033-cü ilə qədər respublika günəş və külək mənbələrindən ən azı 1000 meqavat bərpa olunan enerji istehsal etməyi planlaşdırır.

“Bu səylərin bir hissəsi kimi, Tacikistan bir sıra proqramları, o cümlədən Roqun SES kimi hidroenergetika layihələrinə böyük investisiyalar, həmçinin Nurek, Kayrokkum və Sarband su elektrik stansiyalarının modernləşdirilməsini həyata keçirir. Bu tədbirlər 2032-ci ilə qədər enerji hasilatını əlavə olaraq 4000 Meqavat artıracaq ki, bu da ölkəmizi bərpa olunan enerji sahəsində liderliyi təmin edəcək və bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinə tamamilə keçməyə imkan verəcək” deyən cənab Nuriddinzoda bildirib ki, onlar 2037-ci ilə qədər Tacikistanı bütün sektorlarda yaşıl texnologiyalar və ekoloji cəhətdən təmiz təcrübələri birləşdirən davamlı, şaxələndirilmiş iqtisadiyyata malik “yaşıl ölkəyə” çevirməyi hədəfləyirlər.

Nazir müavini, həmçinin, SPECA-ya üzv dövlətləri bərpa olunan enerji, yaşıl maliyyə, dayanıqlı nəqliyyat dəhlizləri və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığa çağırıb.

Tacikistan Statistika Agentliyinin məlumatına görə, bu ilin 10 ayında ölkədə istehsal olunmuş elektrik enerjisinin 94,11 faizi (17,5 milyard kilovatsaatdan çox) su elektrik stansiyalarının, 5,88 faizdən çoxu (təxminən 1,1 milyard kilovatsaat) istilik stansiyalarının payına düşüb. Bütün istehsal olunmuş enerjinin cəmi 0,005 faizi (801,4 milyon kVt/saat) günəş qurğuları tərəfindən istehsal olunub.