22 nəfəri öldürən qatil 24 ildən sonra azadlığa çıxdı

09:05 20.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1990-cı illərdə Rusiyada gərgin mafiya qarşıdurmalarının getdiyi dövrün ən məşhur qatillərindən olan “Əsgər Saşa” ləqəbli Aleksandr Pustovalov azadlığa buraxılıb.

Hafta.az-ın yazdığına görə, 24 il həbsdə yatdıqdan sonra azadlığa çıxan Pustovalov 22-si sübuta yetirilən 30-a yaxın qətldə rol alan şəxs kimi tanınır. Qatilin qurbanları arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var.

90-cı illərin əvvəllərində, SSRİ-nin dağılmasından dərhal sonra Moskvada terror törədən mütəşəkkil cinayətkar qruplardan biri olan “Orehovskaya”nın tərkibinə daxil olan "Əsgər Saşa"nın indi 50 yaşı var.

Rusiya mediası əvvəllər heç danışmayan və son illərini həbsxanada turşu istehsalında işləmiş Pustovalovun izini tapmaq üçün səfərbər olub. Həbsxanadan gizli buraxılan keçmiş məhkum Rusiyanın ən müəmmalı qatillərindən biri sayılır.

Oktyabrda Tver vilayət məhkəməsi Pustovalovun azadlığa çıxdıqdan sonra üç il ərzində hüquq-mühafizə orqanları tərəfindən ciddi nəzarətdə saxlanılacağını bildirmişdi. Keçmiş məhbus saat 22:00-06:00 arası Moskvanı tərk edə və yaşadığı ünvandan bayıra çıxa bilməyəcək.

Aleksandr Pustovalov 25 sentyabr 1973-cü ildə anadan olub. Gəncliyində cüdo ilə məşğul olub və Dəniz Piyadaları Korpusunda sıravi əsgər kimi xidmət edib. Daha sonra xüsusitəyinatlıların əsgəri olmaq istəyib, lakin ali təhsillinin olmadığı üçün arzusu nakam qalıb. 1999-cu ildə saxlanılan “Əsgər Saşa” hüquq-mühafizə orqanlarının əməkdaşları, iş adamları və mafiya üzvləri də daxil olmaqla, ən azı 22 nəfəri qətlə yetirib. Pustovalov demək olar ki, bütün cinayətləri Avstriya ordusu üçün istehsal edilən “Glock” tapançasından istifadə edərək törədib.