Qafqaz regionuna nəzər saldıqda 2020-ci ildə Azərbaycanın əldə etdiyi hərbi-siyasi uğurlar xüsusi qeyd edilməlidir. Postsovet məkanının tarixində hələ belə bir fakt olmayıb ki, 26 il sonra itirilmiş ərazilər yenidən məxsus olduğu dövlətin nəzarətinə qaytarılsın.
Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markedonov səsləndirib. Onun sözlərinə görə, müqayisə üçün Rusiyanın Çeçenistan üzərində nəzarəti bərpa etdiyini xatırlada bilərik. Lakin bu proses cəmi 6 il çəkdi:
"Azərbaycanın 2-ci Qarabağ savaşında əldə etdikləri hətta ən müsbət gözləntiləri belə arxada qoydu. Uzun illər danışıqlar "5+2" formulu əsasında aparılırdı. Hətta Laçın və Kəlbəcərin geri qaytarılması qeyri-müəyyən müddətə hesablanırdı. Lakin Azərbaycan qələbə nəticəsində hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin bir hissəsi sayılan Şuşa, Hadrut, Ağdərə və Xocavəndin bir hissəsinə nəzarəti də bərpa etdi".
Ekspert bildirir ki, Azərbaycanın uğuu sayılan digər mühüm məqam Ankaranın güclü hərbi-siyasi dəstəyi, həmçinin Qərb dövlətləri (Fransa prezidentinin bəyanatları da prosesin gedişinə elə də təsir göstərmədi), Rusiya və İran da Azərbaycanın itirilmiş ərazilər üzərində nəzarətin bərpası prosesinə müdaxilə etməyərək kənarda dayandı: "Rusiyanın strateji müttəfiqi Ermənistanın təhlükəsizliyinə zəmanət verərək hərbi əməliyyatlara qoşulmaması Moskvanın bölgədə əsas hakim mövqeyini daha da gücləndirdi. Uğurlar nə qədər əhəmiyyətli olsa da, köhnə problemlər yığınının bağlanması yenilərini yaradır. Rəsmi Bakı status məsələsinin birdəfəlik qapandığını hesab edir. Həqiqətən də, üçtərəfli bəyanatda statusdan söz açılmır. Lakin bu gün keçmiş muxtar vilayətin ərazisində Azərbaycann dövlət qurumlarının nümayəndələri yox, rus sülhməramlıları var.
Rusiya rəhbərliyi isə status məsələsinin yekun qərarının hələ irəlidə olduğunu bəyan edir. Bu heç də sadə olmayan dialoq və razılaşmalar tələb edir"
Emənistana gəldikdə isə, politoloq bildirib ki, 1990-cı illərin əvvəllərindəki qələbə Ermənistan dərsliklərində və mətbuatında ermənilərin qalib xalq obrazında təqdim olunmasına imkan yaratmışdı.
Lakin 2020-ci il ermənilər üçün Dağlıq Qarabağın itirilməsi ilə yadda qaldı. Bu konteksdə yeni reallıqların qəbulu çox dramatik və zədəli bir prosesdir. Ağır barışıq şərtlərinin qəbulu 2020-ci ilin sentyabrına qədər ölkə daxilindəki siyasi çağıışları uğurla həll etdiyi qənaəti yaradan Paşinyan hökumətini indi çox çətin vəziyyətdə qoyub. İkinci Qarabağ savaşı uğurlu baş nazir üçün hər şeyi baş-ayaq etdi: "Onun sələfləri əvvəllər güzəştlərdən danışsalar da, onların reallaşması ilə bağlı üzərlərinə heç bir məsuliyyət götürmürdülər. Bu reallıqla Paşinyan üzləşdi. İndi Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası kəskin şəkildə aktuallaşdı. Qarabağ ətrafındakı cənub istiqamətindəki bufer zona öz əhəmiyyətini artıq itirib. İndi hökumətin istənilən fəaliyyəti ictimaiyyət və müxalifət tərəfindən hətta mikroskopla araşdırılır. Lakin problem ondadır ki, baş nazirin rəqiblərinin də vəziyyəti noyabrdan əvvəlki vəziyyətə qaytarmaq üçün heç bir tutarlı proqramı yoxdur. Barışığın şərtlərinin yerinə yetirilməməsi hərbi əməliyyatlaın bərpası deməkdir ki, bu indiki iqtisadi və hərbi-siyasi vəziyyətdə dramatik nəticələrlə sonuclana bilər".