Ahıskada türkcəsində danışdığı üçün döyüldü

14:18 23.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Ahıska bölgəsində, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) üzvü və Ahıskanın keçmiş müftisi Şevkət Dualı və illərdir vətən həsrəti çəkəndən sonra ata-baba yurdlarına qayıdan qardaşı professor Şirməhəmməd Dualı naməlum şəxslərin hücumuna məruz qalıb.

Hafta.az yazır ki, məlumata görə, hadisə Ahıska şəhər mərkəzinin Tovarnıy məhəlləsində baş verib. Şevkət Dualının uşaqları ilə türk dilində danışmasından narahat olan bəzi şəxslər onu şifahi şəkildə təhqir edərək "Tatarca danışma" deyiblər. Mübahisə qısa zamanda fiziki hücuma çevrilib.

Şevkət Dualı və qardaşı Şirməhəmməd Dualı hücumda yaralanıblar. Hadisədən sonra səlahiyyətlilər hücum edənlərin kimliyini müəyyən etmək və lazımi hüquqi prosedurları başlatmaq üçün araşdırma başlatdılar.

Şevkət Dualı Ahıska Türk icması daxilində tanınmış şəxsdir. DATÜB-in (Türkiyədəki Ahıska Türkləri Birliyi) üzvü olan Dualı uzun illər Ahıska müftisi vəzifəsində çalışmış və bölgədəki Ahıska türklərinin dini və sosial həyatında mühüm rol oynayıb.

AKP Ərdahan millət vəkili Kaan Koç Türkiyə Böyük Millət Məclisində verdiyi açıqlamada hadisəni şiddətlə qınayaraq bildirib: “Gürcüstanın Ahıska şəhərinin Vale rayonunda evlərində Ahıska türklərini hədəf alan dəhşətli hücumu şiddətlə qınayıram, Vale məscidi imamımıza və yaralanan digər soydaşlarımıza tezliklə sağalmalarını arzulayıram. Həmçinin, bu azlıq qrupuna qarşı lazımi hüquqi prosesi qısa zamanda başlatdıqları üçün Gürcüstan hakimiyyətinə təşəkkür edirəm. Bu gün vəziyyət 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi və ya 1944-cü il deportasiyası şərtləri ilə eyni deyil. Hər kəs bu şüurla hərəkət etməli və Ahıska türklərini hədəf alan təxribatlara heç vaxt cəsarət etməməlidir. Biz Ahıskada sülhün, qardaşlığın və birgəyaşayış mədəniyyətinin qorunmasına böyük əhəmiyyət veririk. İnanırıq ki, dost və qonşu Gürcüstan bu həssaslıqla hərəkət etməyə davam edəcək. Bilinməlidir ki, Ahıska türkləri dövlətsiz və dəstəksiz deyil. Türkiyə dövləti və prezidentimiz Rəcəb Tayyib Ərdoğan həmişə onların yanındadır”.