4234 metrlik zirvəyə Ormon Xanın adı veriləcək

09:58 12.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanın Narın bölgəsindəki 4234 metrlik dağ zirvəsinə Ormon Xanın adının verilməsini təklif edən qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.

Hafta.az yazır ki, qanunun əsaslandırılmasında Ormon Xanın 19-cu əsrdə qırğız xalqının ən mühüm tarixi şəxsiyyətlərindən biri olduğu vurğulanır. Bəyanatda Ormon Xanın Qırğızıstan dövlət quruluşunun möhkəmləndirilməsinə, qırğız tayfalarının birləşməsinə, ölkənin ərazi bütövlüyünün qorunmasına və ictimai-siyasi quruluşun inkişafına mühüm töhfələr verdiyi qeyd olunur.

Rəsmilər bildiriblər ki, Ormon Xanın fəaliyyətləri qırğız xalqının tarixində xüsusi yer tutur, tarixi irsə hörmət və vətənpərvərlik şüurunun gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Adının verilməsi planlaşdırılan qar və buzla örtülü dağ zirvəsi Narın bölgəsinin Koçkor rayonunun Kum-Döbö qəsəbəsinin Şəmsi kəndindən təxminən 15 kilometr, Koçkor rayon mərkəzindən isə 51 kilometr məsafədə yerləşir.

Qanun layihəsinin Nazirlər Şurasında İnzibati Regional Quruluşun və Coğrafi Adların Qiymətləndirilməsi üzrə İdarələrarası Komissiya tərəfindən müzakirə edilərək təsdiqləndiyi və Yerli Hakimiyyət Orqanları İttifaqı ilə də razılaşma əldə edildiyi bildirilib.

Qeyd edilib ki, qanun layihəsi qəbul edilərsə, onun tətbiqi dövlət büdcəsinə əlavə maliyyə yükü qoymayacaq.

Tarixi mənbələrə görə, Ormon xan 19-cu əsrdə qırğız tayfalarını siyasi cəhətdən birləşdirib. Qırğız xanlığını qursa da və Rusiya çarlığı, Çin və Kokand xanlığı arasında qalan xalqına müstəqillik uğrunda mübarizədə rəhbərlik etsə də, uğursuz olub.