Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr Bəyanatı (Ermənistanın kapiyulyasiyası daha düzgün dəyərləndirmədir) ilə bağlı bir sıra məqamlara toxunmaq istərdim. 45 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi sahədə əldə etdiyi nəticələr onun danışıqlar masasında istədiyi şərtləri qarşı tərəfə diqtə etməsinə münbit şərait yaratdı. Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də Şuşanın, noyabrın 9-da isə 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin azad edilməsi xəbəri Ermənistan siyasi dairələrində şok effekti yaratdı və dərhal Azərbaycanın milli maraqlarına tamamilə cavab verən kapitulyasiya sazişinin imzalanması ilə nəticələndi.
İndi isə detallar barədə. Bəyanat mətnində Azərbaycan ordusu tutduğu mövqelərdə qalır. Buraya keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan və hazırda rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilər də daxildir. Tək Şuşanın və Hadrut qəsəbəsinin, Xocavənd və Xocalı rayonlarının azad olunan kəndlərinə nəzər salmaq kifayətdir. Bu o deməkdir ki, artıq Dağlıq Qarabağın inzabi ərazi bölgüsü ilə bağlı Azərbaycan önündə hansısa şərt qaldırıla bilməz. Bir ay müddətində heç bir hərbi əməliyyatlar aparılmadan Ağdam, Laçın və Kəlbəcər işğaldan azad edilir. Beləliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhəd toxunulmazlığı tamamilə təmin olunur. Tək Kəlbəcər rayonunun ərazisinin ölçüsünə baxdıqda əldə olunan bu nəticənin miqyasını təsəvvür etmək o qədər də çətin deyil. Hərbi baxımdan həmin ərazilərin döyüşsüz təhvil alınmasının hansı qazanclar vəd etdiyini açıqlamağa o qədər də ehtiyac yoxdur.
Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bölgəmizdə artıq yeni reallıqlar var və bu reallığı biz yaratmışıq. Bu səbəbdən, müharibənin ilk günlərindən vurğulandığı kimi bölgədəki sülhyaratma missiyasının tərkibində Türkiyə də var. Bu o anlama gəlir ki, artıq Azərbaycanın strateji müttəfiqi və ən böyük dəstəkçisi olan qardaş ölkə həm masada, həm də sahədədir. Bir növ balans tam təmin edilir.
Nəhayət ən böyük qazancımız - Dağlıq Qarabağ ermənilərinə "müstəqillik" və ya "status" məsələsinin birdəfəlik gündəlikdən çıxarılması. Artıq Azərbaycanın bərpa olunan sərhədləri çərçivəsində erməni separatizminin yayılması üçün heç bir “hüquqi” əsas yoxdur. Ermənistan rəhbərliyi bu bəyanata imza atmaqla ermənilərin "müstəqillik" xəyallarının da üstündən xətt çəkmiş oldu.
Digər mühüm bir məqam - Naxçıvanla dəhlizin yaradılması. Bu məsələ əvvəlki illərdə aparılan danışıqlarda da müzakirə mövzusu olub. Lakin Ermənistan həmişə bu məsələni ikinci plana keçirərək Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqəsinin yaradılmasına imkan verməyib. Lakin Azərbaycan Laçın dəhlizi əvəzində Ermənistanı Naxçıvanla dəhlizin də yaradılmasına razılıq verməyə məcbur etdi.
Beləliklə, gəlinən nəticəyə əsasən Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri tamamilə bərpa edilir, status məsələsinə birdəfəlik son qoyulur, Naxçıvanla birbaşa əlaqə yaradılır, Türkiyə masada və sahədə yer alır. İşğalçı qüvvələr tamamilə ərazilərimizdən çıxarılır və bir ay müddətində digər rayonlar da Azərbaycana geri qaytarılır.
İndi isə, bəzi insanlarımızı narahat edən məqamlar barədə. Ən çox müzakirə edilən məsələ Dağlıq Qarabağda Rusiya sülhməramlılarının da yerləşdirilməsidir. Təbii ki, bu məsələ ilə bağlı soydaşlarımız arasında müəyyən narahatçılığın olması başadüşüləndir. Lakin inkar edə bilməyəcəyimiz bəzi siyasi reallıqlar var ki, onları xatırlatmaq yerinə düşər. İlk öncə onu qeyd edək ki, hərbi əməliyyatlar başlayan gündən Azərbayacana qarşı çox ciddi siyasi təzyiqlərin olduğu heç kimə sirr deyil. Minsk Qrupu həmsədrlərindən Fransa ilk gündəcə ermənipərəst mövqeyini təhdidedici bir formada Prezident səviyyəsində bəyan edərək erməniləri dəstəklədi. ABŞ-ın hazırkı rəhərliyinin mövqeyi də Fransanın bəyanatlarından fərqlənmədi. Tək Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə dəfə açıqlama verərək münaqişə tərəflərindən heç birinə açıq siyasi dəstək nümayiş etdirmədi. Siyasi səviyyədə neytrallığını qorumağa çalışaraq Ermənistanın üçüncü tərəf kimi Rusiyanın münaqişəyə cəlb edilməsi və hərbi əməliyyatlara qoşulması ilə bağlı çoxsaylı müraciətlərini cavabsız qoydu. Rusiyanın təhlükəsizliyin təmini ilə bağlı yalnız Ermənistan qarşısında öhdəliklərinin olduğunu xatırladaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıdığına dair mesajlar verdi. Ermənistanı sülhə məcbur edə biləcək tək qüvvənin Rusiya olduğu da aşkardır. Münaqişə bölgəsində sülh təmin olunduqdan sonra Ermənistanın yeni təxribatlara əl atmayacağının qarantı rolunda yalnız Rusiyanın çıxış edə biləcəyi də aydındır. O da unudulmamalıdır ki, bəyanatda Rusiya Prezidenti Vladimir Putinin də imzası var. Bu imza ilə təsdiqlənmiş razılaşmaların pozulması isə birbaşa olaraq Putinin, onun timsalında isə Rusiyanın avtoritetini heçə saymaqdır ki, hər cəhətdən Moskvadan asılı bir əyalət formasında olan Ermənistanın bu addımı atmağa cürətinin olduğu çox böyük şübhə doğurur.
Bir daha xatırlatmaq yerinə düşər ki, indiki bəyanatın imzalanması tək Rusiya tərəfinin yox, Türkiyənin də səyləri nəticəsində mümkün olmuşdur. Yəni bəyanatın müddəalarının necə yerinə yetirələcəyinə nəzarət məsələsində Ankara da söz sahibidir. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, kənar oyunçular arasında tarazlığın qorunması deməkdir.
Onu da unutmamalıyıq ki, Azərbaycan bəyanata imza atmaqla həm də Ermənistanın xəstə təfəkkürlü hakimiyyət dairələrinin ölkəmizin neft-qaz infrastrukturu, su elektrik stansiyaları, nəqliyyat qovşaqları, iri yaşayış məntəqələri kimi mühüm strateji obyektlərə qarşı planlaşdırdığı mümkün terror təhdidlərini də (Biz bunu Gəncə və Bərdə hücumlarında artıq görmüşdük) aradan qaldırıb. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, indi Ermənistan rəhbərliyi və separatçı qurumun təmsilçiləri ölkəmizə qarşı həyata keçirtdikləri terror əməllərinə görə cavab verəcəklər. Bu istiqamətdə də ciddi iş aparılır. Yəni Azərbaycanın Ermənistana qarşı haqlı davası tam yekunlaşmayıb. Proses davam edir. Artıq siyasi və hüquqi müstəvidə. Sadalanan amilləri nəzərə alaraq təm əminliklə deyə bilərik ki, 10 noyabr bəyanatı hər bir Azərbaycan vətəndaşının 30 ildən artıq müddətdə gözlədiyi Qələbədir.
Gözün aydın Azərbaycan. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!