Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan "Səyyar Gənclər Xidməti" layihəsi Qəbələ rayonunda gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edir.
Gənclər Fondundan hafta.az-a bildirilib ki, əsas məqsədi ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tələblərinə uyğun şəkildə cəmiyyətin müxtəlif sahələrində gənclərin iştirakçılığının artırılmasını hədəfləyən, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləyən, gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclər üçün daha əlçatan olmasına töhfə verən və bu il "Gənclərlə, gənclər üçün" devizi altında təşkil olunan layihənin iyulun 6-da Qəbələdə açılış mərasimi keçirilib.
Mərasim Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək, layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələr, gənclərin karyera və şəxsi inkişaf perspektivlərinin genişləndirilməsi, sosial fəallıqlarının təşviqi, təşəbbüslərinin dəstəklənməsi baxımından faydalarından bəhs ediblər.
Layihə çərçivəsində gənclər üçün yaradılmış "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər zonalarda onlar üçün təşkil edilmiş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək, həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Eyni zamanda, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən sessiyalar zamanı iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında interaktiv müzakirələrdə iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Qəbələdə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində tədbirlər iyulun 10-da başa çatacaq.
Qeyd edək ki, ölkənin ümumilikdə 20 şəhər və rayonunu əhatə edəcək və noyabr ayınadək davam edəcək layihə Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.