Bu gün gecə saat 00:00-dan karantin rejimi qismən yumşaldıldı. İki-üç saatlıq icazə ilə bayıra çıxmaq yasağı aradan götürüldü. Artıq 60 günlük aradan sonra hər kəs sərbəst şəkildə bayıra çıxa, park və xiyabanlarda istirahət edə, kafe və restoranlarda əylənə bilər. Təbii ki, axşam saat 6-ya kimi...
Elə bu minvalla şəhərin canına düşdük. Karantin rejiminin yumşaldılamasından sonra paytaxtda canlanma varmı, yoxmu – deyə öyrənməyə çalışdıq. Gördüklərimizi hafta.az-ın obyektivinə də köçürməyə çalışdıq. Evdən bayıra çıxmamısınızsa, şəhərin karantindən sonrakı halından xəbəriniz yoxdursa, o zaman monitora bir qədər də yaxın əyləşin.

İlk dayanacağımız heç şübhəsiz ki, Dənizkənarı Milli Park oldu. Çoxdandı ətrafı hasarlarnmış, içərisində əsgər və polislərin gəzişdiyi, o baş-bu başa gedib gəldiyi bulvarın son durumunu gözlərimizlə görmək istədik. Əvvəla onu deyək ki, bulvardakı əyləncə mərkəzləri hələ də tam olaraq fəaliyyətə başlamayıb. Çayxanalar isə yay rejiminə keçiblər. Açıq hava altında stollar və stullar düzülüb. Di gəl ki, müştəri yoxdur. Səbəbini xidmətçilərdən soruşduq. Dedilər ki, həftənin ilk iş günüdür. Adamın az olması normaldır. Müştəriləri isə axşama gözləyirlər.
Dəniz kənarında gitara çalanlar, sevgililərinə gül alanları isə ümumiyyətlə görmədik. Təkcə gülsatanlar qaraçı qızları və şəkil çəkən qocalar ortalıqda dolaşırdılar. Bir də ki, üç-beş ərəb... Onlar da dəniz seyrinə yox, kafe və əyləncə məkanlarına boylanırdılar. Amma işləmədiklərini görüb ayaqlarını sürüyə-sürüyə başqa istiqamətlərə yol alırdılar.
Bulvardakı bəzi iaşə obyektlərində isə yeni mövsümün hazırlıqları gedirdi. Xadimələr silib-süpürür, təmizlik işləri aparırdılar.
Bulvarda əsas canlanma velopark istiqamətində idi. Əvvəlki dövrlərdə olduğu kimi deyildi. Amma üç-dörd nəfər sevgili saatı 3-5 manata velosiped kirayələyib üzü küləyə, üzr istəyirəm, Dövlət Bayrağı Meydanı tərəfə deyə-gülə yol alırdılar. Buradakı istinad və qadağan lövhələri də götürülüb səliqə ilə bir kənara yığılmışdı.

Növbəti istiqamət: Qubernator bağı...
Qubernator bağına gedirik. Yeraltı keçiddən keçirik. Popqorn satanlar yenə də iş başındadır. Hətta bir girtara ifaçısı papağını yerə atıb ifasının qarşılığında adamlardan qəpik-quruş umur...
Qubernator bağında isə əməlli-başlı süstlük hökm sürür. Kafe və restoranlar, çayxanalar hələ açılmayıb. Xidmətçilər isə bağı suvarırlar. Bir-iki kafenin qapısı açıq olsa da, içəridə axşama hazırlıq getdiyinin şahidi olduq. Pəncərələr silinir, girişdəki ayaqaltılar çırpılıb təmizlənirdi.
Parkda bir-iki yaşlı insanlar isə üz-üzə oturub söhbət edir, təsbeh çevirirdilər. Bağın çıxışındakı Tantuni-şaurma köşkləri, dönərxanalar isə onlayn sifariş yerinə yetirirdilər. Qiymətlər dəyişməsə də, onlar da tam fəaliyyət göstərmirlər. İçəridə keçib oturmaq olmaz. Deyirlər ki, içəridə oturmaq üçün tam icazə almayıblar. Çünki ara məsafəsi saxlanmalıdır. Əgər belə olarsa, içəriyə ancaq iki-üç müştəri ala biləcəklər. Ona görə ki, yerləri dardı...

Gedirik Sabir bağına...
Sabir bağında Sabirin heykəlindən başqa demək olar ki, heç kim yoxdur. Skamyalar boşdur. Biz orada olarkən bir yaşlı arvad gəlib əyləşdi. O da iki-üç dəqiqə... Qızı ilə qaçaraq telefonla danışıb getdi. Bir də ara-sıra kənarda bağın otlarını biçənlər, zibilləri təmizləyən yaşlı kişi və qadınlar gözə dəyirdi.
Qoşa-qala qapısında qoşa heç nə gözə dəymədi...
Hər zaman turistlərin əlindən tərpənə bilmədiyimiz İçərişəhərin Qoşa qala qapıları da “ağzına su alıb” üzümüzə baxırdı. Kimsə yox idi, bircə köhnə bər-bəzək, suvenir satanlardan başqa... Unutdum, bir də kolleksiyaçı dükanları açıq idi. Onların da sahibləri müştəri olmadığından bir-birləri ilə söhbətləşirdilər. Marsa raket göndərən amerikalıların bir balaca koronavirusa “doy gələ bilməməyindən” danışırdılar.

“Tarqovı”da az-çox canlanma var...
Əvvəlki kimi olmasa da, şəhərin vuran ürəyi hesab olunan Nizami küçəsində - “Tarqovı”da az-çox canlanma hökm sürür. Geyim dükanları açılıb. İçərisində adamlar – alıcılar yoxdur. Satıcılar isə bir-birləri ilə söhbətləşir, evdə qaldıqları günlərdəki ev macəralarından danışırlar. Kafe və restoranların bəziləri isə açıq səmada fəaliyyət göstərir. Yay rejiminə keçiblər. Bəziləri isə səyyar və ya onlayn sifariş göstərirlər. İçəridə müştəri qəbul etmirlər. Amma təmizlik işləri gerçəkləşir. Fəvvarələr meydanı istiqamətində isə restoranlar balaca masa qoyaraq, kreativ üsullarla müştəri cəlb etməyə çalışırlar. Məsələn, kofe, çay təklifi edirlər. Özü də 5,6 manatdan başlayan qiymətlərlə...
Park və əyləncə mərkəzləri isə boşdur. Təkəmseyrək adamlar gözə dəyir. Söz düşmüşkən onu da deyim ki, biz ərazidə olduğumuz vaxt, daha çox sakin danışdırmaq istəyən jurnalistləri, həmkarlarımızı görürdük. Hamı redaksiyadan “Karantindən sonra Bakının ilk günü...” haqqında reportaj hazırlamaq əmrini almışdı. Elə bizim kimi...
“Malakan bağı”nda daha çox canlanma...
Yaşlılar burada daha çox idi. Rus və molokan əsilli qadınlar qucaqlarında it-pişiklə gəzintiyə çıxmışdılar. Hətta nəvələri ilə gəzintiyə çıxanları, başları söhbətə qarışıb uşaqlarını unudan anaları demirəm... balacalar isə 60 günlük “ev həbsi”ndən sonra daha çox əyləncə eşqində idilər. Ora-bura qaçışırdılar. Hətta qumruların, göyərçinlərin arxasınca düşən yenicə ayağı yer tutan qızcığazları demirəm...
Buradakı restoranların qapısı açıq olsa da içərisində iki-üç müştəri ola ya olmaya... Bir də ara-sıra polislər gözə dəyirdilər. Nəzərimizdən bir nüans da qaçmadı: yaşlıların ağzında tibbi maska yox idi, gənclər isə bu tələbə daha çox riayət edirdilər. Elə restoranlarda çalışanlar da əlcək və tibbi maskadan istifadə etmirdilər, vallah, gözümüzün şahidiyik.
Səyyar kofe və çay sifarişi yerinə yetirən restoran işçiləri isə əvvəlcə tələb üçün gələn müştərinin əllərini spirtləyir, sonra sifarişlərini alırdılar. Əlləri əlcəkli, ağızları maskalı...
“Cavid bağı”nda çayxanalar işləyir...
Metronun “Elmlər Akademiyası” istiqamətindəki Cavid bağında isə əla canlanma var. Çayxanalar yay rejiminə keçib, bu öz yerində... İçəridə müştərilər də çoxdur, ən azından “Tarqovı”ya baxanda... Təbii ki, ara məsafəsi də qorunur. Stol və stullar iki metrdən bir, seyrək düzülüb. Bayırda da eyni durumdur. Çayların qiymətində isə 50 faiz bahalaşma var. Sadə çay verilmir. Şokaladlı çay isə 6 manatdır.
Parkdakı uşaq əyləncə mərkəzləri isə hələ fəaliyyətə başlamayıb. Valideynlər azyaşlı uşaqlarını parka gətirsələr də atraksionlar işləmir, uşaq maşınlarının üstü isə hələ də sellofanlıdır. Bağın qarşı tərəfi – AMEA-nın parkında isə daha çox tələbələr və sevgililər gözə dəyir. Deyib-gülürlər. Skamyaların bir hissəsi doludur. Bəzi yerlərdə isə ümumiyyətlə adamlar oturmur. Popqorn və “pambıqlı marojna”, “gəl ay müştəri” deyən dayıların alveri isə çox yaxşı gedir. Şar da satırlar, şirni də, dondurma da... 60 gündən sonra uşaqları ilə bayıra çıxan valideynlər isə ciblərinin ağzını açıblar. Uşaqlarının xətrinə də dəymirlər.

Univeristetlər fəaliyyət göstərməsə də Bakı Dövlət Universitetinin qarşısında da xeyli gənc gözə dəyirdi. Üzüm ayağınızın altına, ağız-ağıza verib söhbətləşirdilər. Üç-üç, beş-beş toplaşmışdılar. Ağızlarında isə tibbi maska yox idi.