80 min miqrant Qvatemaladan ABŞ-a doğru hərəkət edir

10:50 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Amerika ölkəsi Qvatemalada ABŞ-a daxil olmaq istəyən 80 minə yaxın insan toplaşıb.

Hafta.az-ın “The New York Post”a istinadən yazdığına görə, kimliklərini açıqlamayan hökumət rəsmiləri, Qvatemalada toplanan təxminən 80 min mühacirin ABŞ-a daxil olmaq məqsədilə Meksika sərhədinə yola düşdüyünü söyləyib.

ABŞ Nümayəndələr Palatasının Texas ştatından üzvü Toni Qonzales də Qvatemala prezidenti Alexandro Giammattei ilə danışaraq, izdihamın hərəkətə keçdiyini təsdiqləyib. Bunun ABŞ-Meksika sərhədində böyük bir izdiham və xaosa səbəb ola biləcəyini müdafiə edən Qonzales, prezident Co Baydenlə əlaqə yarada bilmədiyini, Ağ Evə zəng etsə də, heç kimin cavab vermədiyini deyib.

Bu arada, Qvatemalada toplaşan 80 minlik izdihamdan neçə faizinin yola çıxdığı məlum deyil. Üstəlik, daha əvvəl də ABŞ-a keçmək istəyən 60 min immiqrantın Meksika - Qvatemala sərhədinin Meksika tərəfindəki düşərgədə saxlandığı bildirilir.ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən 2020-ci ilin martında təqdim edilən və qeyri-qanuni mühacirlərin geri qaytarılması üçün istifadə olunan 42 saylı qanun mayın 11-də ləğv ediləcək. “Başlıq 42” olaraq da bilinən qanun, Kovid-19 pandemiyası zamanı "ictimai sağlamlıq" səbəbiylə tətbiq edilmişdi. ABŞ Daxili Təhlükəsizlik Departamenti də xəbərdarlıq edib ki, gündə təxminən 13 min adam tətbiqin bitməsi ilə sərhədi keçməyə cəhd edə bilər.

“The New York Post” 42 saylı Qanunun ləğvi ilə ABŞ - Meksika sərhədindəki Kiudad Juarezdən 35 mindən çox və Tijuanadan təxminən 16 min immiqrantın ölkəyə daxil ola biləcəyini bildirir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin məlumatlarına görə, son 10 gündə təxminən 81 min nəfər sərhəddə saxlanılıb, onlardan 26 min nəfəri ölkəyə qeyri-qanuni yollarla daxil olub.