“İçərişəhər” Muzey Mərkəzi onlayn iş rejiminə keçib

17:47 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən "İçərişəhər" Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları iş fəaliyyətini dayandırıb. Koronavirusun dünyada yayılması səbəbindən əksər dünya muzeyləri onlayn iş rejiminə keçib. 

Hafta.az-ın məlumatına görə, bununla əlaqədar martın 16-dan 20-dək “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında onlayn ünsiyyət yaradacaq. Gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə "3D" virtual gəzinti, kiçik videoçarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunacaq. Beləliklə, evdə oturduğunuz halda virtual olaraq İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə biləcəksiniz.

Bununla yanaşı, “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri və eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat əldə etmək mümkün olacaq.