İndoneziya İslamla ətraf mühiti birləşdirir

10:55 22.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən böyük müsəlman icmasının yaşadığı İndoneziya ekoloji fəallığı İslamla birləşdirib.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, təxminən 275,5 milyon əhalisi olan ölkədə ekoloji layihələrə ruhanilər rəhbərlik edir.

Xəbərdə paytaxt Cakartadakı “İstiqlal” məscidinin imamı Nəsaruddin Ömərin günəş enerjisi panelləri quraşdıraraq ibadət yerinin elektrik ehtiyacını qarşıladığı və xərcləri azaltdığı qeyd edilib.

Ömərin təşəbbüsləri ilə Cənub-Şərqi Asiyanın ən böyük məscidində ekoloji cəhətdən təmiz kran sistemləri və suyun təkrar emalı sistemləri də quraşdırılıb. Məhz bu nailiyyətlərlə məscid 2022-ci ilin aprel ayında Dünya Bankı tərəfindən yaşıl tikinti mükafatına layiq görülən ilk ibadət yeri olub.

Qəzetə danışan imam, Hz. Məhəmmədin təlimlərinə əməl edərək ətraf mühitin qorunmasına qayğı göstərdiklərini bildirərək, "Dünyada ən çox müsəlmanın yaşadığı ölkə olaraq İslam cəmiyyətinə yaxşı nümunə göstərməliyik" deyib.

İndoneziyada İslam alimlərinin toplaşdığı ali orqan olan Üləmalar Şurasından Hayu Prabovo ölkədəki ekoloji hərəkatlarla bağlı bu cür dəyərləndirmə edib: "İnsanlar qanunlara əməl etmirlər, onlara əhəmiyyət vermirlər. Amma dini liderləri dinləyirlər, çünki onlar “insanlar dünyəvi qanunlardan qaçsalar da, Allahın qanunlarından qaça bilməyəcəklər” deyir”.

Ətraf mühit fəalı Aak Abdullah əl-Qüds, 2 min hektar qorunan ərazidə ağacların kəsildiyi Limonqan dağını yenidən yaşıllaşdırmaq üçün “Yaşıl Ordu” hərəkatına rəhbərlik edir.

Ərazini bambuk və meyvə ağacları ilə örtdüklərini deyən fəal 20 il əvvəl belə bir layihəyə başlamaq istəyəndə Üləmalar Şurasının ona mane olduğunu, lakin ekoloji hərəkatlar gücləndikcə ruhanilərin də ona dəstək verməyə başladığını bildirib.

Ekoloq, "Bizim vəzifəmiz yer üzünün xəlifələri və qoruyucuları olmaqdır. Bu, İslamın missiyasıdır" deyib.

Xəbərdə İndoneziyanın dünyanın ən böyük kömür ixracatçısı olduğu və qlobal istixana qazı emissiyalarında birinci yerdə olduğu xatırladılıb. Palma yağı istehsalı və faydalı qazıntıların kəşfiyyatı üçün minlərlə hektar tropik meşələrin kəsildiyi diqqətə çatdırılıb.

Bununla belə, 200 milyon müsəlmanın yaşadığı dünyanın ən böyük ada ölkəsində ətrafçı islami hərəkatların təsirlərini artırdığı vurğulanıb və “İndoneziya özünü dəyişdirə bilsə, bütün dünyaya bələdçi ola bilər" deyə bildirilib.

Oxunma sayı 159