İrandan Azərbaycana 26 kq narkotik keçirilməsinin qarşısı alınıb

16:29 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən hafta.az-a verilən məlumata görə, oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb.

 Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə (13 kq 90 qram “heroin”, 4 kq 570 qram “metamfetamin”) bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabr ayının 2-də saat 11:00 radələrində “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Aparılmış axtarış tədbirləri nəticəsində kolluq və qamışlıq ərazidə gizlədilmiş 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Oxunma sayı 1674