“İran Zəngəzur dəhlizi anlayışının əleyhinədir. Ümumiyyətlə, Ermənistanla İranın sərhədlərindən Araz boyunca Naxçıvana keçən dəmir yolu və avtomobil yolunun, Azərbaycanın qərb bölgələrini Naxçıvana birləşdirən kommunikasiyaların dəhliz məntiqi ilə qiymətləndirilməsinin əleyhinədir”.
Bunu hafta.az-a siyasi analitik Aydın Quliyev İranın Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsinə qarşı çıxması ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, İran hesab edir ki, bu ərazidən dəmir və avtomobil yollarının açılması İranın suverenliyinə və geosiyasi reallıqlara mənfi təsir göstərə bilər.
“Sual olunur, İran sovet hakimiyyəti dövründə bunu niyə belə dəyərləndirmirdi? Çünki sovet hakimiyyətinin dövründə bu sərhədlər Ermənistan- İran yox, Sovet İttifaqı -İran sərhədləri adlanırdı və o zaman İranın sovet imperiyasının qarşısında belə şərtlər diktə eləməyə gücü, cəsarəti çatmırdı. SSRİ dağıldıqdan sonra İran-Ermənistan sərhədinin xarakteri dəyişdi. İran belə hesab edir ki, bu dəhliz onun qapalı vəziyyətdə olduğu indiki şəraitdə dünyaya və yaxud da kənar aləmə açılmış qapısıdır. İran Şərqdə Türkmənistan, Əfqanıstan, Pakistanla Qərbdə İraqla sərhəddir ki, bu ölkələrin heç biri ilə yaxşı münasibətlərdə deyil. Eləcə də, şimalda Türkiyə ilə ciddi rəqabət içindədir. İranın cənubda sərhəd olduğu ərəb ölkələri ilə də münasibətləri bəllidir. Görünən odur ki, İran 4 tərəfdən elan olunmayan blokada şəraitindədir. Belə olduğu şəraitdə İran Ermənistanla sərhədlərinə olduqca həssas yanaşır və hesab edir ki, Ermənistan sərhədlərində hər hansı bir yeniliyin baş verməsi onun kənara çıxışını məhdudlaşdırır. Əslində dalan ölkə olan Ermənistanla İranın hara çıxacağı bəlli deyil. İran bu bölgədə özünün Ermənistan kimi müttəfiqinin yanında dəyişikliyin baş verməsini qəbul etmir”.
A.Quliyev hesab edir ki, İranın niyyəti təkcə Rusiyaya deyil, Naxçıvanla Azərbaycanın qərb bölgələrinin arasında dəhliz məntiqi ilə yolun açılmasına qarşıdır. Bununla bağlı ekspert hesab edir ki, İranın Rusiyanın əleyihə çıxmağa cəsarəti, gücü çatmaz. Çünki ortada imzalanmış 2020-ci il 10 noyabr sənədi var. Bu sənədin 9-cu maddəsinə görə dəhlizin təhlükəsizliyinə nəzarət Rusiyanın sərhəd xidmətinə məxsusdur.
“İran bu sənədin yerinə yetirlməsinə qarşı yalnız sözlə, ritorika ilə çıxa bilər. İran sadəcə Zəngəzur dəhlizinin açılması ilə bağlı özünün razılığını baha satmağa çalışır. Onun Rusiya, Türkiyə, Azərbaycandan hansı təmənnaları güdməsi başqa mövzudur. Tehran dəhlizə nəzarətin kimin əlində olmasınadan asılı olmayaqar bunun əleyhinədir. Çalışır ki, Naxçıvana gedən yol onun ərazisindən keçsin ki, gələcəkdə Şərq-Qərb marşrutu üzərindən daşınacaq mallardan gömrük rüsumu tuta bilsin. Eləcə də Azərbaycanı müəyyən qədər təzyiq altında saxlasın. Ona görə də İranın bu məsələdə mövqeyi ziddiyyətli, məntiqsiz, başa düşülən deyil”.