İranla sərhəddə əməliyyat - bir nəfər saxlanılıb

16:24 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

May ayının 23-də saat 00:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Xidmətdən hafta.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 01:40 radələrində Cəbrayıl - Horadiz avtomagistral yolunun yaxınlığında sərhədboyu ərazidə yüksək surətlə hərəkət edən qara rəngli “Mersedes E 190” markalı 90-DJ-159 dövlət nömrə nişanlı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Məmmədov Nahid Şirzad oğlunun idarə etdiyi avtomobilə baxış zamanı 2 ədəd bağlamanın içərisində təxmini çəkisi 11 kiloqram 885 qram narkotik vasitə “marixuana”yabənzər maddələr və 5 ədəd “Millionaire” markalı spirtli içkilər aşkar olunaraq götürülüb.

 Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxunma sayı 69