“İŞİD-in saxladığı qadın əsirlər daim ağlayırdılar” - Bağdadinin qızı

10:07 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İŞİD terror təşkilatının keçmiş lideri Əbu Bəkr Bağdadinin qızı Ümeymə əl-Bağdadi 2019-cu ilin oktyabrında Suriyanın İdlib bölgəsində ABŞ-ın xüsusi əməliyyatı zamanı öldürülən atasının həyatı ilə bağlı təəccüblü açıqlamalar verib. Ümeymə vaxtilə atasının əlində olan əsir qadınların durmadan ağladığını bildirib.

Hafta.az-ın yazdığına görə, Ümeymə “Al Arəbiyya” kanalına verdiyi müsahibədə Suriyaya köçməzdən əvvəl ailəsi ilə birlikdə İraqın Ət-Tarimiyə bölgəsində yaşadığını, atasının bundan əvvəl qondarma “xilafət dövləti”ndə mövqeyini bilmədiyini deyib.

Ümeymə indiki həyatından danışaraq, “O vaxt Bağdadinin üç qadını var idi. Həyatımız o qədər möhkəm mühafizə altında idi ki, qonşularımız bizim kimliyimizi belə bilmirdilər. Təyyarələrin keçəcəyindən qorxduğumuz üçün bağçaya çıxmağa icazə vermədilər” deyib.

Ümeymə Suriyanın Rakka bölgəsinə, oradan isə Əl-Məyadinə köçdüyünü açıqlayıb. Bu arada o, atasının dörd arvadı ilə birlikdə Əl-Məadində yaşadığını xatırladıb.

Bir müddət atasının evində onlarla birlikdə yaşayan qadın əsirlərlə bağlı müşahidələrini bölüşən Ümeymə onların şəraitinin pis olduğunu və hər an ağladıqlarını vurğulayıb.

“Mən bu məsələni (qadın əsirlərin məsələsini) atamla müzakirə etmişəm, lakin o, şəriət müddəaları ilə özünə haqq qazandırırdı”, - deyə Ümeymə bildirib. Ümeymə, “Tanış olduğum yezidi qadınlar arasında Dalal, Reham, Raha, Hayfa və Siban adlı xanımlar var idi”, - deyə əlavə edib.

Bu arada, Bağdadinin həyat yoldaşı Əsma əl-Kubeysi “Al-Arabiya”da yayımlanan müsahibəsində Bağdadinin 10-dan çox yezidi qadını əsir saxladığını bildirib. O əlavə edib ki, Bağdadinin 11 uşağı vardı, onlardan biri Suriyada özünü partladaraq öldürüb, digərləri isə bu yaxınlarda İraqda həbs edilib.

2019-cu ilin oktyabrında “New York Times” qəzetinin yazdığına görə, ABŞ rəsmiləri Bağdadinin arvadlarından birinin həbsi olunması və dindirilməsinin İdlibdə Bağdadinin məhv edilməsi əməliyyatına hazırlıqda böyük rol oynadığını bildirib. Sözügedən əməliyyat daha əvvəl İŞİD tərəfindən girov götürülən Kayla Müllerin adını daşıyırdı.

Əməliyyatdan sonra ABŞ-ın o zamankı prezidenti “əməliyyata baxdım, döyüş filmi kimi idi” demişdi.

Oxunma sayı 248