İtaliya Azərbaycan üçün etibarlı tərəfdaşdır - Tofiq Abbasov

19:21 10.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin İtaliyaya səfəri və əldə olunan uğurlu nəticələr gözlənilən idi. Çünki İtaliya Azərbaycan üçün etibarlı tərəfdaşdır. İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlər də göstərir ki, münasibətləri formalaşdıran çox zəngin, sıx proqram var və daim genişlənir”.

Bunu hafta.az-a politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin İtaliyaya səfərini təhlil edərkən bildirib.
T.Abbasov Azərbaycanla İtaliya arasında mal dövriyyəsinin həcminin 16 milyarddan çox olmasına diqqət çəkərək bunun son rəqəm olmadığını bildirib.

“Bu gün dünya bazarlarında sıxlıq olsa da, bütün fəal aktorlar bir-birini təqib etsələr də, Azərbaycanla İtaliya buna görə təlatüm yaşamır. Çünki bu ölkələr bir-birinə münasibətdə etibarlıdır. Ona görə də asan bir şəkildə imkanlarını götür-qoy edib birgə layihələri həyata keçirmək üçün ortaq nöqtələri tapırlar".

Ekspert bu gün qərəzli, düşmən mövqedə olan mətbuatın Azərbaycan-İtaliya əməkdaşlığını kölgələməyə çalışdığını təəssüflə qeyd edib. O, bəzi xarici mətbuat vasitələrində Azərbaycanın İtaliyadan sərnişin təyyarəsi almasını qıcıqla qarşılamaları faktına diqqət çəkib.

“Az qala dünyaya yayırlar ki, guya Azərbaycan militarist siyasət həyata keçirir, guya Azərbaycan müharibəyə hazırlaşır, təhlükə yaradır. Bu təxribatın arxasında dayanan ermənilər, onların tərəfdarları bununla Hindistan, Yunanıstan, ABŞ, Fransa ilə hərbi əməkdaşlığını kölgədə qoymağa çalışırlar. Əslində bölgəqə vəziyyəti gərginləşdirmək istəyən, müharibə hazırlıqları görənlər onlar özləridir. İtaliya başa düşür ki, Azərbaycan həqiqətən ona müasir texnologiya üzərində hazırlanmış təyyarələri satmaq üçün adekvat subyektdir. Çünki Azərbaycan heç bir dövlətə təhlükə kəsb etmir, heç kimə qarşı ərazi iddiası, aqressiv planları yoxdur. Ermənistan isə özündə bütün təhlükə yaradan komponentləri ehtiva edir. Ermənistan davranışları ilə göstərir ki, Qafqazdakı bu bölgədə demoqrafik resursları azalır. Hətta öz ölkəsinin böyük arealları bomboşdur. O cümlədən, etnik təmizləmə nəticəsində azərbaycanlıların tərk etdiyi bölgələr də boş qalıb. Çünki Ermənistanın demoqrafik resursları, ciddi tərkibi olan inkişaf proqramları yoxdur. Nikol Paşinyan verdiyi müsahibədə qeyd etdi ki, Qarabağdan Ermənistana köçmüş ermənilərin 23 mini ölkəni tərk edib. Bu onu göstərir ki, Ermənistan dövlətinin, hökumətinin rasional inkişaf siyasəti, antiböhran proqramı yoxdur, insanlar kortəbii nəsə bacarırlarsa onunla yaşayırlar”.

T.Abbasov Azərbaycanla İtaliyanı aqrosektor, turizm, sənaye sahəsində bir-birimizə bağlayan maraqlara diqqət çəkib. Onun fikrincə hər iki ölkə bir-birini tanıyır, onları birləşdirən tellər çoxdur.

“Bütün dövrlərdə İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi həqiqətən də İtaliya cəmiyyətində Azərbaycanı tanıyırlar. Bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

T.Abbasov bu reallıqlar fonunda bildirib ki, Forumda Prezidentin sağlam mövqedən etdiyi mühüm çıxışı böyük marağa səbəb oldu. Onun fikrincə, Prezidentin Ukrayna -Rusiya qarşıdurmasında vasitəçilik təklifi, sülhün bərqərar olmasında maraqlı olduğumuzu bir daha bəyan etməsi, enerji təhlükəsizliyi, Rusiya ilə bağlı sanksiya siyasətinə qarşı çıxışı diqqətlə izlənib.
“Sanksiyalar iqtisadiyyatı iflic vəziyyətə salır. Hansısa dövlət sanksiyaya məruz qalırsa, bu, digər dövlətlərdə də özünün mənfi təsirini gəstərir. Azərbaycan lideri Forumda sanksiya siyasətinə neqativ münasibətini göstərdi. Bir daha mesajlar verildi ki, ABŞ sanksiyalar tətbiq etməklə öz biznesmeləri və digər ölkələr üçün problemlər yaradır”.

Ekspert hesab edir ki, mötəbər meydan olan Çernobbio Forumunda dünyanın siyasi, intellektual simaları çıxışlar edir, fikir mübadilələri, təhlillər aparırlar. Onun fikrincə, bu Forumda yüsək səviyyədə iştirakımız Azərbaycana dvidentlər gətirən mühüm məqamdır.

T.Abbasov bildirib ki, Prezident Forumda AŞPA ilə münasibətlərə dəqiq, səlist yanaşması oldu. Prezident bildirdi ki, Azərbaycana qarşı soyuq müharibə AŞPA-dan başladı.

“Onlar Azərbaycanın uğurlarını, zəfərimizi normal qarşılaya bilmədilər. Ona görə də Azərbaycana qarşı təpkilər, qərəzli münasibətlər göstərdilər. Əgər AŞPA bizim münasibətləri qırmaq istəyirsə, biz özümüz o addımı birinci atdıq və səsimizi geri çağırdıq. Sonradan onlar özü məhdudlaşdırıcı rejim tətbiq etdilər. Biz heç vaxt AŞPA-nın qapısını döyüb “gəlin yenidən münasibətlərmizi bərpa edək”- deməyəcəyik. İstəyirlərsə, bunu özləri desinlər. Çünki biz münasibətlərin korlanmasında təşəbbüskar olmamışıq. Prosesin iflic vəziyyətə salınmasında AŞPA rəhbərlərinin, Fransa təsirində olan deputatların, təmsilçilərinin rolu olub. Prezidentin bu prosesə yanaşması prinsipial, aydın idi. Bu da Forumda normal qarşılandı və biz bu məsələlərlə bağlı qaranlıq məsələlər hamısı öz həllini tapdı”.