Dünyanın bəlasına çevrilən, yüzminlərlə insanın həyatına son qoyan Covid-19... Bu günlərdə ölkəmizdə də, virusa yoluxma sayı rekord həddə çatıb. Yayılmağa başladığı ilk gündən bu yana haqqında çox şaiələr çıxıb, bir qrup insan hələ də pandemiyanın varlığına inanmır, təhlükənin ciddiliyini qəbul etmir. Mütəxəssislər isə, həyəcan təbili çalır.
Son zamanlarda payızın gəlişi, havaların soyuması, kəskin respirator xəstəliklərin, qrip və bu kimi digər virusların da artmasına səbəb olub. Bəs görəsən mövsümi xəstəliklərin yayılması koronavirusa nə kimi təsir edir? Təzə yaranmış virusla indikinin təsir gücündə, xəstələrin sağalma müddətində dəyişiklik var?
Hafta.az-ın əməkdaşı yaranmış suallara aydınlıq gətirmək üçün, Baş İnfeksionist Təyyar Eyvazova müraciət etdi.
Baş İnfeksionistin sözlərinə görə, soyuq havaların virusun yayılmasına təsiri var:
"Hesab olunur ki, virus soyuq və quru havada daha asan ötürülür. Bundan başqa havaların soyuması insanları daha çox hallarda bağlı məkanlarda olmağına səbəb olur, belə yerlərdə tez-tez havalandırmaya riayət olunmur. Təmasların artmasına baxmayaraq bir çox insanlar hələ də qoruyucu tədbirlərə etinasız yanaşırlar".
Mütəxəssis qrip virusuna nisbətən koronavirusun daha az dəyişkən olduğunu da bildirdi:
"A qrip virusu ilə müqayisədə yeni koronavirus daha az dəyişkəndir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, mütəmadi olaraq virusda bəzi kiçik mutasiyalar baş verir. Lakin bunların hələlik virusun patogenliyinin dəyişməsinə səbəb olmasını təsdiqləyə bilmərik. Tibbin qanunlarına görə virusun bir sıra xüsusiyyətlərinə təsir göstərəcək mutasiyalar 1-3 il ərzində baş verə bilər. Xəstəliyin yalnız ona xas olan əlaməti yoxdur. Bu əlamətlər əksər respirator virus infeksiyalarında rast gəlir. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər".
T.Eyvazov əksər hallarda evdə kor-koranə şəkildə aparılan müalicənin ağır fəsadlara yol açdığını, ciddi nəticələrə səbəb olduğunu da vurğuladı. Antibiotik qəbulu isə ümumiyyətlə müalicə üçün faydasızdır:
"Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar. Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır. Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəsüratı yaradır və ağırlaşmalar baş verərsə çox gec aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı risqə atmayın, özünüzdə narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin".
Sonda biz də, əhalini diqqətli olmağa, qaydalara əməl etməyə çağırırıq. Özümüzü qorumaqla, sevdiklərimizin və digər insanların da təhlükəsizliyini təmin etmiş oluruq. Biz birlikdə güclüyük. Bu dəfə isə birliyimiz üçün sosial məsafə qaydalarına əməl etməli, maska taxmalı, əlcək və spirtdən istifadə etməliyik.
Banu Hüseynli