Ukraynanın Rusiyanın Omsk bölgəsinə dron hücumundan sonra dronların Qazaxıstan ərazisindən buraxıldığına dair xəbərlər yayılıb. Lakin Qazaxıstan Xarici İşlər Nazirliyi bu iddiaları qəti şəkildə rədd edib.
Hafta.az yazır ki, Omsk bölgəsinə hücumdan sonra bəzi Rusiya media orqanlarının və ekspertlərinin dronların Qazaxıstan ərazisindən qalxmış ola biləcəyini irəli sürdükləri məlum olub. Bu fikirlər əsasən Omsk bölgəsinin Qazaxıstanla sərhədinə əsaslanıb.
Nazirliyin bəyanatında vurğulanırdı ki, bu cür xəbərlər Qazaxıstanla Rusiya arasında strateji tərəfdaşlığa və ənənəvi dostluq münasibətlərinə zərər verməyə yönəlmiş əsassız cəhdlər hesab olunur.
Rəsmi Astana ölkənin xarici siyasətinin mehriban qonşuluq, qarşılıqlı hörmət və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslandığını bir daha vurğulayıb. Həmçinin Qazaxıstanın beynəlxalq hüquq normalarına və təhlükəsizliklə bağlı beynəlxalq öhdəliklərə ciddi şəkildə riayət etdiyi qeyd olunub.
Bəyanatda həmçinin Qazaxıstanın öz ərazisinin, hava məkanının və ya infrastrukturunun digər dövlətlərə qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadəsinə icazə verməyəcəyi xüsusi olaraq vurğulanıb.