Turistlər azalıb, ancaq...

20:20 09.07.2026 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mövcud vəziyyəti hələlik uzunmüddətli mənfi tendensiya kimi qiymətləndirmək düzgün deyil

Bu ilin ilk aylarına dair açıqlanan rəsmi statistika Azərbaycanın turizm sektorunda maraqlı və ilk baxışdan ziddiyyətli mənzərə ortaya qoyur. Bir tərəfdən ölkəyə gələn əcnəbilərin sayı azalır, turistlərin Azərbaycanda xərclədiyi vəsait ötən illə müqayisədə yüz milyonlarla manat aşağı düşür. Digər tərəfdən isə turagent və turoperatorların gəlirləri rekord səviyyədə artır. Bu göstəricilər sektorun yalnız turist axınından deyil, həm də xidmət bazarındakı struktur dəyişikliklərindən təsirləndiyini göstərir.

Bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır. Turistlərin ölkədə çəkdiyi ümumi xərclər isə 943,9 milyon manat təşkil edib. Beləliklə, bir il ərzində turist xərcləri 280,8 milyon manat və ya 22,9 faiz azalıb.

Statistika göstərir ki, turistlərin əsas xərcləri ənənəvi olaraq nəqliyyat, yerləşmə və qidalanma xidmətlərinə yönəlib. Lakin bütün əsas istiqamətlər üzrə geriləmə qeydə alınıb. Nəqliyyat xidmətlərinə çəkilən xərclər 430,9 milyon manat olmaqla 24,3 faiz, hotellərə və digər yerləşmə xidmətlərinə xərclər 32 faiz, iaşə obyektlərinə çəkilən vəsait isə 20,1 faiz azalıb. Mədəniyyət, əyləncə və digər xidmət sahələrində də analoji azalma müşahidə edilir.

Ən çox vəsait xərcləyən turistlər yenə də Rusiyadan gəlib. Onların Azərbaycanda qoyduğu vəsait 283,5 milyon manat olub. Türkiyə ikinci yerdə qərarlaşıb. Ən diqqətçəkən dəyişiklik isə Hindistan bazarında baş verib. Bu ölkədən gələn turistlərin xərcləri ötən illə müqayisədə təxminən dörd dəfə azalaraq 52,7 milyon manata düşüb. Son illər Azərbaycanın əsas hədəf bazarlarından biri hesab olunan Hindistan üzrə belə kəskin geriləmə sektor üçün ciddi siqnal hesab oluna bilər.

Regionlar üzrə statistika da maraqlı mənzərə yaradır. Körfəz ölkələrindən gələn turistlərin sayı 31,6 faiz azalıb. Halbuki məhz bu bazar son illərdə yüksək xərcləmə qabiliyyəti ilə seçilirdi. Bunun əvəzində Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayı 13,3 faiz artıb. Yanvar-aprel aylarında Avropadan Azərbaycana 60 mindən çox turist səfər edib ki, bu da ötən ilin eyni dövründən 8 faiz çoxdur.

Qərbi Avropa istiqamətində xüsusilə Almaniya, Böyük Britaniya, İtaliya, Belçika və Portuqaliya bazarlarında artım qeydə alınıb. Şərqi Avropada isə Polşa, Macarıstan, Rumıniya və Çexiyadan gələn turistlərin sayında yüksək artım müşahidə olunub. Bu dinamika göstərir ki, Azərbaycanın turizm bazarında coğrafi diversifikasiya prosesi davam edir və Avropa bazarı getdikcə daha böyük əhəmiyyət qazanır.

Turist axınının azalmasına baxmayaraq, sektorun digər seqmentində tam fərqli mənzərə formalaşıb. 2026-ci ildə Azərbaycanda fəaliyyət göstərən turagent və turoperatorların ümumi gəlirləri 222,7 milyon manata çataraq əvvəlki illə müqayisədə 33,8 faiz artıb. Xidmətlərin istehsalına çəkilən xərclər də artsa da, gəlirlər xərcləri 51 milyon manat üstələyib.

Bu dövrdə turagent və turoperatorların sayı 381-dən 434-ə yüksəlib. Sektorda çalışan işçilərin sayı isə 26 faiz artaraq 2 687 nəfərə çatıb. Bu, turizm biznesində investisiya və fəaliyyət genişlənməsinin davam etdiyini göstərir.

Mövcud statistika onu deməyə əsas verir ki, Azərbaycanda turizm sektoru transformasiya mərhələsinə daxil olub. Bir tərəfdən ənənəvi bazarlardan turist axını zəifləyir, digər tərəfdən isə Avropa kimi yeni bazarlarda artım müşahidə edilir. Bununla yanaşı, turizm şirkətlərinin gəlirlərinin artması daxili turizm paketlərinin genişlənməsi, xaricə təşkil olunan səfərlərin çoxalması, xidmət qiymətlərinin yüksəlməsi və biznes modelinin dəyişməsi ilə əlaqədar ola bilər.

Bununla belə, turistlərin ölkədə xərclədiyi vəsaitin 23 faizə yaxın azalması diqqətdən kənarda qalmamalıdır. Turizmin iqtisadi effektini müəyyən edən əsas göstəricilərdən biri məhz turistlərin ölkədə buraxdığı vəsaitdir. Qarşıdakı dövrdə əsas məqsəd təkcə turist sayını artırmaq deyil, həm də Azərbaycana gələn qonaqların daha uzun müddət qalmasını, daha çox xidmət və məhsul istehlak etməsini təmin etmək olmalıdır. Bu isə turizm məhsullarının şaxələndirilməsi, regionlarda yeni marşrutların yaradılması, tədbir turizminin genişləndirilməsi və yüksək gəlirli bazarlara yönəlmiş marketinq strategiyalarının gücləndirilməsini zəruri edir.

Rəqəmlər göstərir ki, Azərbaycan turizmi hələ də inkişaf potensialını qoruyur. Növbəti mərhələdə uğur yalnız turist sayının artımı ilə deyil, hər turistin ölkə iqtisadiyyatına gətirdiyi əlavə dəyərin yüksəldilməsi ilə ölçüləcək.
Mövzu ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, mövcud statistika bir neçə amilin eyni vaxtda təsirinin nəticəsidir. Onun sözlərinə görə, ilk növbədə bu ilin yanvar-may aylarında Azərbaycana gələn əcnəbilərin ümumi sayı azalıb. Bununla yanaşı, daha yüksək xərcləmə potensialına malik bazarlardan, xüsusilə Körfəz ölkələri və Hindistandan turist axınının zəifləməsi ümumi xərclərə ciddi təsir göstərib.

"Bundan əlavə, turistlərin davranışında da dəyişiklik var. Səfərlər daha qısa, daha qənaətcil və daha seçici xarakter alır", – deyə o bildirib.

Ekspert qeyd edib ki, xərclərdəki azalma yalnız turist sayının azalması ilə izah oluna bilməz.

“Əgər ölkəyə gələn turistlərin sayı 11 faiz azalıbsa, xərclərin 22,9 faiz azalması onu göstərir ki, bir turistə düşən orta xərc də aşağı düşüb”, – deyə o bildirib.

Onun sözlərinə görə, ən böyük azalma nəqliyyat, yerləşmə və qidalanma xidmətlərində qeydə alınıb. Bu isə turistlərin ölkədə daha qısa müddət qalmasına, daha sərfəli yerləşmə və qidalanma variantlarını seçməsinə, həmçinin əlavə xidmətlərə əvvəlki illərlə müqayisədə daha az vəsait xərcləməsinə işarə edir.

Samir Dübəndi hesab edir ki, mövcud vəziyyəti hələlik uzunmüddətli mənfi tendensiya kimi qiymətləndirmək düzgün deyil. Onun sözlərinə görə, turizm mövsümi sahədir və yay ayları, tədbir turizmi, işgüzar səfərlər, eləcə də yeni aviareyslər ilin ikinci yarısında göstəricilərə müsbət təsir göstərə bilər.

“Bununla belə, bu rəqəmlər bazar üçün ciddi işarədir. Məqsəd yalnız turist sayını artırmaq deyil, onların ölkədə qalma müddətini və xərclərini də yüksəltmək olmalıdır”, – deyə ekspert vurğulayır.