Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

22:26 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliyanın Müdafiə Nazirliyinin milli silahlanma direktoru admiral Giacinto Ottavianinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan müdafiə sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycan-İtaliya əlaqələrinin bir çox sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral G.Ottaviani qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın hər iki dövlətin müdafiə qüdrətinin yüksəldilməsinə töhfə verəcəyindən əminliyini ifadə edib.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.