Moldovada sosial sahədə “bir pəncərə” sisteminin qurulması prosesinə 2023-cü ildə başlanılıb. Artıq 3 ildir ki, DOST Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurum kimi Moldovada sosial sahədə, ümumiyyətlə, sosial təminat, sosial müdafiə, pensiya, sosial müavinətlər, məşğulluq, əmək münasibətləri istiqamətində “bir pəncərə” prinsipi ilə işləyən bir şəbəkənin qurulması istiqamətində layihənin hazırlanmasına başlayıb. Həmin istiqamətdə tərəfdaşımız olaraq, Moldovanın Milli Sosial Sığorta Kassası marağını ifadə etdi və əməkdaşlıq qurmağa başladıq. 3 il ərzində Moldovada kifayət qədər geniş iş həyata keçirmişik.
Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Moldovanın 5 şəhərində yerləşən müxtəlif mərkəzlərdə işlər aparılır. Bilavasitə Moldovanın Kahul şəhərində DOST modelinə uyğun ilk mərkəzin tikintisi aparılmaqdadır. Plana uyğun olaraq, 2027-ci ildə ilk mərkəzin rəsmi açılışı gözlənilir. Eyni zamanda, Moldovanın digər şəhərlərində DOST modelinə uyğun sosial sahədə mərkəzlərin təşkili planlaşdırılır.
"Ümumilikdə, tək funksional deyil, eyni zamanda, əməliyyat və keyfiyyət istiqamətində də işlər aparırıq. Xüsusilə qeyd etmək istərdim ki, DOST Agentliyinin sosial sahədə sosial qiymətləndirmə, monitorinq və ümumilikdə nəzarət istiqamətində istifadə edilən və unikal bir məhsul olan DOST indeksi Moldovada həyata keçirilməkdədir. Belə ki, hazırda Moldovanın 10 şəhərində DOST indeksi üzrə qiymətləndirmələr aparılır. Yəni Moldovada kifayət qədər geniş formatda işlər aparılır. Eyni zamanda, Moldovadan başqa oxşar fəaliyyət Özbəkistan ilə də icra olunur", - deyə Fərid Məmmədov bildirib.