Konstitusiya Məhkəməsi mühasibat və vergi məsləhətçiləri ilə bağlı mühüm qərar qəbul etdi

17:45 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Hafta.az xəbər verir ki, iclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə baş tutub.

Məhkəmənin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Plenum iş üzrə hakim Fikrət Məmmədovun məruzəsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini, Milli Məclis Aparatının mülahizəsini, eləcə də Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası və ekspertlərin rəylərini araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 3.1.2-ci maddəsində göstərilən əməliyyatların aparılması və ya həmin əməliyyatlarda iştirakla bağlı xidmət göstərdikləri halda, qanunla müəyyən edilmiş öhdəlikləri daşıyırlar. Bu öhdəliklərin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.

Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, qanunda nəzərdə tutulan "əməliyyatların aparılmasında iştirak" anlayışı yalnız formal iştirak deyil, əməliyyatların strukturlaşdırılması, hüquqi modelinin hazırlanması, rəsmiləşdirilməsi və nəticələrinin formalaşdırılmasına real təsir göstərən fəaliyyətləri əhatə edir.

Qərarda vurğulanıb ki, qeyri-maliyyə institutlarının üzərinə qoyulan öhdəliklərin icra vaxtı hər bir öhdəliyin xarakterindən asılı olaraq müvafiq qanunun, Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 22 və 23-cü tövsiyələrinin, eləcə də Konstitusiya Məhkəməsinin bu qərarında əks olunan hüquqi mövqelərin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və ya rəsmi şəkildə şərh edilə bilməz.