Sənəddə missiyanın tam operativliyinin təmin olunması qərəzdir" - Rəşad Bayramov
““Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinin imzalanması, xüsusən də burada Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) mövcudluğunun qorunması və fəaliyyətinin genişləndirilməsinin prioritetləşdirilməsi post-münaqişə dövründə yaranmış müsbət dinamikanın ziddinə olaraq ciddi narahatlıq doğurur. Azərbaycan XİN-in qeyd etdiyi kimi, bu yanaşma yalnız regional sülh prosesinə mənfi təsir göstərmir, həm də Ermənistanın real niyyətləri barədə haqlı suallar yaradır”.
Bunu Hafta.az-a politoloq Rəşad Bayramov Avropa İttifaqının Ermənidtanda Mülki Missiyasının saxlanılmasına yönəlik adddımlarla bağlı bildirib. O qeyd edib ki, sənədin ruhu və praktik nəticələri Vaşinqton razılaşması ilə açıq şəkildə ziddiyyət təşkil edir. Belə ki, 8 avqustda imzalanmış razılaşmada tərəflər Müşahidə Missiyasının fəaliyyətinə son qoyulması və missiyanın buraxılması ilə bağlı razılığa gəlmişdilər. Bu kontekst fonunda Aİ–Ermənistan sənədində missiyanın tam operativliyinin təmin olunmasının prioritet kimi göstərilməsi, faktiki olaraq, beynəlxalq razılaşmaların etibarlılığına xələl gətirir.
R.Bayramov hesab edir ki, bu uyğunsuzluğun ən problemli tərəfi onun regionda formalaşmış yeni reallıqları nəzərə almamasıdır:
“2023–2024-cü illərdə Azərbaycan və Ermənistan arasında bir sıra konstruktiv addımlar atılıb, tərəflər sülh sazişinin struktur elementləri üzrə razılaşma əldə ediblər. Bu müsbət irəliləyişlərin fonunda Müşahidə Missiyasının davamlı mövcudluğu keçmiş münaqişənin siyasi gündəmə qaytarılmasına xidmət edir. Missiyanın mandatının birtərəfli qaydada genişləndirilməsi Ermənistanın öz mövqeyini beynəlxalq miqyasda gücləndirmək, sərhədlə bağlı məsələləri siyasiləşdirmək və üçüncü qüvvələrin iştirakını davamlı etmək niyyətinin göstəricisi kimi çıxış edir.
Azərbaycan üçün əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, Müşahidə Missiyası regionda obyektiv monitorinq funksiyasından uzaqlaşaraq siyasi alətə çevrilməkdədir. XİN-in bəyanatında da vurğulandığı kimi, paraflanmış sülh sazişi layihəsinin 7-ci maddəsində müqavilə tərəflərinin öz sərhədlərində üçüncü qüvvələrin hərbi və ya müşahidə kontingentlərinin yerləşdirilməsinə yol verməməsi açıq şəkildə qeyd olunub. Bu öhdəliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaqla yanaşı, tərəflər arasında etimadı sarsıdır və danışıqların gələcək perspektivlərini risk altına qoyur”.
R.Bayramov hesab edir ki, Aİ-nin bu məsələdə balanslı mövqe sərgiləməməsi, Brüsselin ikili standartlardan çıxış etdiyini göstərir:
"Bir tərəfə açıq üstünlük vermək regionda ədalətli və davamlı sülhün əldə olunmasını çətinləşdirir. Nəticə etibarilə, Strateji Gündəlikdə Müşahidə Missiyasının prioritetləşdirilməsi nə Ermənistan-Aİ münasibətlərinə real dəyər əlavə edir, nə də regional sabitliyə xidmət edir. Əksinə, Vaşinqton razılaşmasının mahiyyətini pozmaqla sülh prosesinə əlavə maneələr yaradır və sülh müqaviləsinin imzalanmasını daha da ləngidir".
Tahirə Qafarlı