Türkiyənin ilk nüvə təsisi olan Akkuyu Atom Elektrik Stansiyasının (Akkuyu AES) tikintisi davam edərkən pul köçürmələri ilə bağlı Rusiya tərəfdən mühüm şikayət gəlib.
Hafta.az-ın yazdığına görə, “Rosatom”un rəhbəri Aleksey Lixaçev Rusiya dövlət kanalında jurnalist Pavel Zarubinə verdiyi açıqlamada ABŞ-ın Türkiyədə Akkuyu AES-in tikintisi üçün köçürülən pulun qarşısını aldığını, lakin buna baxmayaraq, layihənin icrasının dayanmadığını bildirib.
“Rossiya 1” telekanalında danışan Lixaçev, "Qarşılıqlı razılaşma sistemi hücuma məruz qalır. Onlar pula mane olurlar. Bunu edənlər bizim hüquqi şəxslər və banklar arasında hərəkət edən amerikalılardır" deyib.
ABŞ-ın sanksiyalarının layihənin həyata keçirilməsinə mane olduğunu, lakin tikintinin hələ də dayanmadığını bildirən Lixaçev, “İt hürür, karvan yoluna davam edir” deyib.