ABŞ-da çətənədən istifadə qanuniləşir

10:00 02.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ hökumətinin çətənəni daha az təhlükəli narkotik kimi təsnif etməyə hazırlaşdığı üçün bu addımın əhəmiyyətli iqtisadi nəticələri olacağı gözlənilir.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, ABŞ Ədliyyə Departamenti tərəfindən təsdiqlənən yeni təsnifat çətənə üzərində tibbi araşdırmaları təşviq edəcək və bir sıra vergi məhdudiyyətlərini asanlaşdıracaq.

Ədliyyə Nazirliyinin sözçüsü verdiyi açıqlamada, çətənənin heroin kimi tibbi istifadəsi olmayan və asılılıq yaradan maddələri ehtiva edən birinci kateqoriyadan çıxarılmasının təklif edildiyini bildirib.

Senatın çoxluq lideri Demokrat Çak Şumer, "məhdudlaşdırıcı və narkotika ilə bağlı qanunların elmin və amerikalıların əksəriyyətinin açıq-aydın dedikləri ilə uyğunlaşdırılmasının zəruriliyini tanıyan" qərarı alqışlayıb. Şumer vurğulayıb ki, "ABŞ Konqresi marixuanaya federal qadağanı dayandırmaq üçün əlindən gələni etməlidir".

2020 və 2022-ci illərdə demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası çətənənin təhlükəli narkotiklər siyahısından çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib, lakin Senatın müqaviməti ilə üzləşib.

Pew Araşdırma Mərkəzinin mart ayında açıqladığı sorğu göstərdi ki, amerikalıların 88 faizi tibbi və ya istirahət məqsədilə marixuana istifadəsinin qanuniləşdirilməsini istəyir.

ABŞ-ın 24 ştatı və Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi artıq çətənəni qanuniləşdirib. Daha 14 ştat onun yalnız tibbi məqsədlər üçün istifadəsinə icazə verir.