Tramp yoxsa Harris? ABŞ-da prezident seçkilərində sorğular nə deyir? Wall Street Journal-ın keçirdiyi sorğunun nəticələrinə görə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın keçmiş prezidenti Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 47-45 faiz fərqlə yarışa başçılıq edir.
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə sayılı günlər qalıb. Ölkənin köklü qəzetlərindən olan Wall Street Journal 19-22 oktyabr tarixləri arasında qeydiyyatdan keçmiş 1500 seçici ilə aparılan sorğunun nəticələrini paylaşıb.
İştirakçıların 47 faizi keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa, 45 faizi isə ABŞ vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verəcəklərini bildirib.
Financial Times qəzetinin son sorğusunda seçicilərin 44 faizi iqtisadiyyat mövzusunda Trampa daha çox güvəndiyini, Harrisə güvənənlərin nisbəti isə 43 faizdə qaldığını bildirib.
Florida Universitetinin Seçki Laboratoriyasının məlumatlarına görə, erkən səsvermə zamanı 25 milyon seçici seçki məntəqələrinə gedib və ya poçt vasitəsilə səs verib.