ABŞ miqrantların saxlanılması üçün bunu da etdi

08:31 17.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları Kubadakı Quantanamo bazasında yerləşən qanunsuz immiqrantların saxlanma mərkəzindən yenidən istifadə etməyə başlayıb. Hazırda burada 22 kubalı immiqrant saxlanılır.

Hafta.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Məlumata görə, saxlanılan 22 nəfər arasında adətən həbsxanaya yerləşdirilən, “yüksək təhlükə altında olan qanunsuz immiqrantlar” kimi xarakterizə edilən beş kişi də var.

Kompleks oktyabrın ortalarından etibarən boş idi. ABŞ həmin vaxt 18 nəfəri Salvador və Qvatemalaya deportasiya etdikdən sonra mərkəzin fəaliyyəti dayandırılmışdı. Ayın sonunda isə “Melissa” qasırğasının yaxınlaşması səbəbindən bazanın personalı təxliyə olunmuşdu.

Ümumilikdə, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti Quantanamo ərazisində yaradılmış miqrantların saxlanma mərkəzində indiyədək təxminən 730 nəfəri saxlayıb. Onların əksəriyyəti Salvador, Qvatemala və Venesuela da daxil olmaqla Latın Amerikası ölkələrindən ABŞ-a gələn şəxslər olub.

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu dəfələrlə bəyan edib. O, sərt immiqrasiya siyasətinin tərəfdarı kimi çıxış edib və andiçmə mərasimindən sonra ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət elan olunması barədə sərəncam imzalayıb. Prezident Tramp ABŞ tarixində qanunsuz immiqrantlara qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib.