“Newsweek” jurnalı ABŞ-ın ən güclü termonüvə bombası olan B83 ilə Moskva, Pxenyan və Pekinə mümkün nüvə hücumunun nəticələrini modelləşdirib. Xəbərlər “NukeMap” adlı interaktiv platformadan istifadə edilməklə hazırlanıb və ətraflı məlumatlarla dəstəklənib. Buna görə milyonlarla insan belə bir hücumda həyatını itirə və ya yaralana bilər.
Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, Pxenyana hücum zamanı 1,3 milyon insan həlak olacaq, 1,1 milyon insan isə yaralanacaq. Moskvada ölənlərin sayı 1,4 milyona çatacağı halda, 3,7 milyon insan yaralanacaq. Pekində 1,5 milyon insanın öləcəyi, 3,3 milyon insanın isə yaralanacağı təxmin edilir.
Bombanın zərbəsi 4,1 kvadratkilometr ərazidə alov topu yaradacaq və binaların dağılmasına, 175 kvadratkilometr ərazidə yanğınların baş verməsinə səbəb olacaq. Yüngül dağıntı sahəsi 1385 kvadratkilometrə çatacaq və bu ərazidə pəncərələrin şüşələri sınacaq. Bombanın mərkəzinə yaxın ərazidə üçüncü dərəcəli yanıqların görüləcəyi gözlənilir.
B83, 1983-cü ildə ABŞ ordusu tərəfindən istifadə olunmağa başlayan sərbəst düşən termonüvə bombasıdır. 1,2 meqaton dağıdıcı gücə malik bu silah dərin yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub. ABŞ Müdafiə Nazirliyi bu bombanı 2022-ci ildə inventardan çıxarmaq qərarına gəlsə də, B83 hələ də istifadəyə yararlıdır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, qarşılıqlı nüvə hücumu riski real təhlükədir, lakin Moskva bunun qarşısını almaq üçün maksimum səy göstərəcək.
ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli qərb silahlarından istifadə etməyə icazə verdikdən sonra Rusiya nüvə doktrinasını yeniləyib. Vladimir Putin tərəfindən təsdiqlənmiş yeni doktrina ən yüksək prioritet kimi çəkindirməni müəyyənləşdirir. ABŞ isə nüvə doktrinasını dəyişməyəcəyini açıqlayıb.