ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

17:13 20.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Konqresi və Ağ ev əlavə maliyyələşdirməni təsdiq edərsə, Vaşinqton dərhal Ukraynaya yeni hərbi yardım paketini göndərməyə hazırdır. Bu barədə mənbələrə istinadla “The Washington Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon Ukraynaya növbəti “böyük hərbi yardım paketini” hazırlamağa əvvəlcədən başlayıb. Qəzetin mənbələri bildirirlər ki, müvafiq qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən bəyənilsə və Prezident Co Bayden tərəfindən imzalansa, Ukraynaya yeni yardım paketinin çatdırılma müddəti bir həftədən az olacaq.

AZƏRTAC xəbər verir ki, qəzetin yazdığına görə, bu yardım paketinin Kiyev üçün nə qədər böyük olacağı hələ məlum deyil. Bununla belə, o, 155 millimetrlik artilleriya mərmilərini ehtiva edəcək. Bundan əlavə, nəşr yeni yardım paketinə hava hücumundan müdafiə sistemlərinin daxil ola biləcəyini də istisna etmir. WP həmçinin qeyd edir ki, bəzi silahların Ukraynaya çatdırılma müddəti onların harada saxlanmasından asılı olaraq dəyişə bilər.

ABŞ martın ortalarında bəyan edib ki, Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayıracaq. Bu paketə “Stinger” raketləri, tankəleyhinə silahlar, HHM sistemləri, 155 millimetr kalibrli mərmilər və sairə daxil ediləcək. Bundan sonra “Politico” qəzeti mənbələrə istinadla yazırdı ki, bu yardım paketi hələ 2023-cü ilin noyabrında istifadə olunub.

Cümə günü Ağ evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, Bayden Ukrayna, İsrail və Tayvana yardım qanunlarının ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul ediləcəyi təqdirdə onları gecikmədən imzalayacaq və Vaşinqton dərhal Kiyevə silah tədarükünü bərpa edə bilər. Bundan əlavə, Amerika liderinin rəsmi nümayəndəsi Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyini təsdiqləyib.

Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri prosessual səsvermədən keçib. Aprelin 17-də Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson paketə daxil olan qanun layihələrinin mətnlərini təqdim edib. Bundan sonra Kiyevə kreditlə yardım göstəriləcək. Başlanğıcda öz administrasiyasının Ukrayna, İsrail və Tayvana hərbi yardım tələbinin parçalanmasına qarşı çıxan Bayden, sonradan Consonun təşəbbüsünü dəstəkləyib.

Güman edilir ki, Nümayəndələr Palatası bu paketi şənbə günündə qəbul edə bilər. Bundan sonra o, Nümayəndələr Palatasından fərqli olaraq demokratların çoxluğa sahib olduğu Senata gedəcək. Konqresin yuxarı palatasındakı Demokratlar fraksiyası artıq paketin dərhal təsdiqini təmin etməyə hazır olduğunu bildirib. Sənəd daha sonra Bayden tərəfindən imzalanacaq və qanuna çevriləcək.

Oxunma sayı 65