Afrikada meymun çiçəyi virusu yenidən təhlükə yaradır

10:05 12.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Afrikada meymun çiçəyinə yoluxma hallarında kəskin artım var. Bildirilib ki, ötən illə müqayisədə belə hallar 160 faiz artıb. Bu sürətli artım Afrikadakı səhiyyə orqanlarını narahat edib.

Hafta.az-ın yazdığına görə, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) prezidenti artan meymun çiçəyi epidemiyası ilə əlaqədar bölgədəki vəziyyətin aktuallığını vurğuladı və epidemiyaya nəzarət etmək üçün səylərin gücləndiyini bildirib. CDC, epidemiyanın daha da yayılmasının qarşısını almaq üçün Afrika Birliyinə üzv ölkələrlə fəal əməkdaşlıq etdiklərini açıqlayıb.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş direktoru Dr. Jan Kaseya, epidemiyanın "başqa bir pandemiyaya" çevrilməsinin qarşısını almaq üçün Afrika Birliyinə üzv dövlətlərlə "aktiv əlaqə" başlatmağa qərar verdiklərini açıqlayıb. Dr. Kaseya, bu çərçivədə epidemiyaya nəzarət etmək üçün resursların səfərbər ediləcəyini və təsirlənən ölkələrə texniki yardım göstəriləcəyini bildirib.

Kaseya açıqlamasında epidemiyanın yayılmasının qarşısını almaq üçün zərər çəkmiş ölkələrə texniki və maliyyə dəstəyi veriləcəyini bildirib. Xəstəliyin indiyədək 16 ölkədə müşahidə edildiyi və bu ölkələr arasında Konqo Demokratik Respublikasının ilk sırada dayandığı vurğulanıb. Yoluxma hallarının 90 faizdən çoxunun Konqo Demokratik Respublikasında görüldüyü və bu il 461 nəfərin öldüyü açıqlanıb.

Meymun çiçəyi, qızdırma, baş ağrısı və bədən ağrıları kimi ağrılı səpgilərə və qripəbənzər simptomlara səbəb olan viral xəstəlikdir. Xəstəliyə səbəb olan virus çiçək xəstəliyi ilə eyni ailədəndir və birbaşa təmas yolu ilə insandan insana və heyvandan insanlara keçir. Səhiyyə orqanları ictimaiyyəti məlumatlandırmaqda və virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görməkdə davam edir.