Albaniyanın Ali Məhkəməsi minlərlə insanı aldatdığı iddia edilən kriptovalyuta şirkəti Thodex-in qurucusu Faruk Fatih Özərin Türkiyəyə ekstradisiyasını təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Albaniyaa qaçan Özər Türkiyənin təşəbbüsləri ilə bu ölkədə yaxalanıb. Bunun üzərinə Türkiyə Fatih Özərin ekstradisiyası üçün Albaniya hakimiyyətinə rəsmi müraciət edib.
Lakin yerli məhkəmə Fatih Özərin ekstradisiya tələbini rədd edib. İkinci ərizə də rədd edildikdən sonra məsələ Albaniyanın Ali Məhkəməsinə çıxarılıb.
Ali məhkəmə ərizəni araşdırdıqdan sonra Özərin Türkiyəyə ekstradisiyasına qərar verib. Ali Məhkəmənin yerli məhkəmə qərarını qüvvədən salması ilə Fatih Özərin Türkiyəyə ekstradisiyası qətiləşib.
Faruk Fatih Özərin də aralarında olduğu 6-sı həbsdə olan 21 müttəhim “cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək”, “informasiya sistemlərindən bank və ya kredit təşkilatlarının aləti kimi istifadə edərək dələduzluq etmək” və “tacir və ya şirkət rəhbərləri ilə kooperativ rəhbərlərinə qarşı dələduzluq və cinayətdən" ittihamlanır.
Faruk Fatih Özər 20 aprel 2021-ci ildə xaricə qaçıb.