Ali Məhkəmə hökumətin media üzərində nəzarətini dondurdu

10:50 20.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Ali Məhkəməsi hökumətin media üzərində nəzarətini artıran mübahisəli qanunun bəzi müddəalarının tətbiqini müvəqqəti dayandıran hökm çıxarıb. Bu qadağaları "mətbuatı susdurmağa çalışmaqda" tənqid edən ifrat sağçı hökumət Knessetin buraxılmasından bir neçə saat əvvəl qəbul edib.

Hafta.az yazır ki, “The Times of Israel”in məlumatına görə, Ali Məhkəmə rabitə naziri Şlomo Karhinin "Yayım Qanunu"nun müəyyən müddəalarının tətbiqinin təxirə salınmasını əmr edən müvəqqəti qadağa çıxarıb. Bu, nazirin qərara qarşı çıxmaq çağırışını təkrarlamasına səbəb olub.

"Keyfiyyət İdarəetmə Hərəkatı" dərhal qüvvəyə minəcək müddəaların media sektoruna daimi zərbə vuracağından və mövcud hökumət tərəfindən 27 oktyabrda keçiriləcək seçkilərə təsir göstərmək üçün istifadə edilə biləcəyindən narahatlığını ifadə edərək, qanunun ləğvi üçün İsrail Ali Məhkəməsinə ərizə təqdim edib.

Ərizədə həmçinin qanunun Knessetdən keçirilməsi prosesində çoxsaylı ciddi prosedur səhvlərinə yol verildiyi iddia olunub.

Ali Məhkəmənin hakimi Ofer Qrosskopf iddiaları "ciddi və diqqətəlayiq" adlandıraraq, qanunun təsirlərinin geri dönməz ola biləcəyi ilə bağlı narahatlıqları vurğulayıb.

Ali Məhkəmə qanunun dərhal qüvvəyə minəcək müddəalarını dondurmaq qərarına gəlib və hökumətə müdafiəsini hazırlamaq üçün bir həftə vaxt verib.

Rabitə naziri Şlomo Karhi İsrail Ali Məhkəməsinin mübahisəli qanunvericiliyi dondurmaq qərarına reaksiya verərək hökuməti məhkəmənin qərarını qulaqardına vurmağa çağırıb. Karhi açıqlamasında Ali Məhkəmənin "qanunları dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malik olmadığını" iddia edərək, tənzimləmənin "tam qüvvədə olduğunu" bildirib.

Rabitə naziri İsrail Knessetinin sədri Amir Ohananı məhkəməni qınayan xüsusi parlament qətnaməsi qəbul etməyə çağırıb.

İsrail kabinetində ifrat sağçı fiqur olan Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir, X sosial media platformasında verdiyi açıqlamada Ali Məhkəməni "xalqın seçilmiş nümayəndələrinin iradəsini pozmaqda" günahlandırıb.

Ben-Qvir iddia edib ki, seçkilərdən sonra qurulacaq növbəti "sağçı" hökumət "məhkəmə sisteminin tövlələrini təmizləyəcək və "dərin dövlət" qaydalarını ləğv edəcək".

İsrail hökuməti mətbuat üzərində nəzarətini artırmaq istəyir.

İyulun 17-də İsrail Knessetinin buraxılmasından bir neçə saat əvvəl qəbul edilən qanun, hökumətin mətbuat sektoru üzərində nəzarətini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.

Yeni qanunvericilik uzun müddətdir mövcud olan nəzarət mexanizmlərini, minimum jurnalistika standartlarını, yerli istehsala investisiya qoymaq öhdəliyini və media inhisarlarının qarşısını alan çarpaz mülkiyyət məhdudiyyətlərini aradan qaldırır.

Qanun həmçinin hökumətə televiziya reytinqlərinin ölçülməsi, rəsmi reklamlar və dövlət reklamının media qurumlarına ayrılması üzərində daha çox təsir göstərməyə imkan verir.