Alimpaşa Məmmədovun marallarının taleyi necə olacaq?

12:57 04.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə korrupsiya əməllərinə görə həbs olunan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun şəxsi maral təsərrüfatı ortaya çıxıb.

Sabiq icra başçısı Şəmkir rayonunun Kür qəsəbəsində, əvvəllər sayı bir qədər çox, hazırda isə  30-dan artıq maralın olduğu fermanı yaradıb. Məlum hadisələrin ardından A.Məmmədovun özəlləşdirdiyi müəsisələr kimi bura da müsadirə edilib. Bəs görəsən hazırda həmin marallara hansı qurum nəzarət edir? Prosesin növbəti mərhələsində maralların taleyi necə olacaq.

Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladı. Qurumun mətbuat katibi İradə İbrahimova saytımıza danışarkən söylədi ki, nazirliyə məsələ ilə bağlı heç bir məlumat daxil olmayıb:

“Maralların aqibəti necə olacaq, bu barədə heç nə bilmirəm. Məsələ bizə aid deyil”.

Ardınca isə ekoloq İslam Mustafayev mövzuya münasibət bildirdi. Onun sözlərinə görə, Zoologiya Parkı o qədər maralı götürə bilməz. Buna görə də hesab edirəm ki, ferma olduğu kimi saxlanılaraq, idarəçilik Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilər:

“Maralların başqa iqlimə xas olduğunu nəzərə alsaq, onların təbiətə buraxılacağını güman etmirəm. Xallı maral olsaydı, Göygöldən gətirilmiş olardılar, oradan gətirilibsə bizim təbiətə uyğundur. Şimaldan gətirilmiş maralların təbiətimizə buraxılması istisnadır”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının 26 aprel 2021 tarixində keçirdiyi əməliyyat zamanı rayon İcra hakimiyyətinin bəzi vəzifəli şəxsləri, həmçinin icra başçısı Alimpaşa Məmmədov saxlanılıb. Ardınca isə Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.  Prosesdə A.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Oxunma sayı 394