Allahşükür Paşazadə Gürcüstanda soydaşlarımızla görüşüb - FOTO

21:00 23.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 23-də bu ölkədəki azərbaycanlılarla görüşüb.

Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, azərbaycanlı iş adamları, din xadimləri, eləcə də Gürcüstan Patriarxlığının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Qurandan ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Səfir Faiq Quliyev çıxış edərək QMİ sədrinin səfəri barədə məlumat verib. Şeyxülislamın Gürcüstan Patriarxı II İlya tərəfindən "Dostluq" ordeni ilə təltif edildiyini diqqətə çatdırıb. Hər iki ölkənin ali dini liderlərinin yaxın dostluq münasibətlərinin Azərbaycan-Gürcüstan əlaqələrinə töhfə verdiyini bildirib. 44 günlük Vətən müharibəsi dövründə Gürcüstandakı soydaşlarımızın Azərbaycana göstərdikləri böyük maddi və mənəvi yardımı yüksək qiymətləndirib.

Diplomat II Qarabağ müharibəsində Gürcüstan əsilli 22 nəfərin şəhidlik zirvəsinə ucaldığını qeyd edərək, Allahdan onlara rəhmət diləyib.

Şeyxülislam A.Paşazadə Azərbaycan ilə Gürcüstan arasında dini sahədə əməkdaşlıqdan, II İlya ilə 40 ildən çox davam edən dostluq münasibətlərindən danışıb. Gürcüstanlı soydaşlarımıza milli mənsubiyyətlərini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa çağırıb, mənsəbindən asılı olmayaraq hamını birliyə və mehribanlığa dəvət edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanla münasibətlərə böyük önəm verdiyini, soydaşlarımıza xüsusi hörmət və qayğı ilə yanaşdığını qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, mövcud problemlərin həlli istiqamətində görülən işlər barədə fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçılarına “Qurani-Kərim” kitabı hədiyyə olunub.