Almaniyanın “ARD” telekanalı üzə çıxarıb ki, alman şirkətləri Rusiya rejiminə işğal olunmuş Mariupolda tikinti işlərində kömək edir.
Hafta.az xəbər verir ki, “Ukrainskaya pravda”nın yaydığı məlumata görə, Almaniyanın “Tagesschau” nəşri bu haqda “Putinin köməkçiləri” başlıqlı məqalə yazıb.
Jurnalistlər “Knauf” və “WKB Systems” şirkətlərinin Azov sahilindəki şəhərdə obyektlər tikdiyinə dair foto-şəkillər və videolar şəklində sübutlar əldə ediblər.
Xüsusilə, onların əlində "Knauf" markalı kisələr olan tikinti sahəsinin foto-şəkilləri var. Şirkətin rəsmi dileri Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə öz tikinti materiallarından yaşayış binası layihəsi tikdiyini açıq elan edir.
"Knauf" gips istehsalında liderdir və uzun müddət Rusiyada biznesə malikdir. Şirkətin təsisçisi Nikolaus Knauf iyirmi ildən çox Rusiya Federasiyasının fəxri konsulu olub. O, Rusiyanın Krımı qanunsuz ilhaqından sonra da bu mövqeyini qoruyub saxlayıb və hələ 2018-ci ildə Rusiya Federasiyasına qarşı növbəti sanksiyaları “dəhşətli” adlandırıb. Onun sözlərinə görə, Rusiyada öz rəhbərliyi altında hələ də 4 min insan işləyir və şirkət milyardlarla gəlir əldə edir.