Almaniyanın dövlət statistika xidməti ölkə əhalisinin sayı, milli-etnik tərkibi haqda məlumat açıqlayıb.
Hafta.az-ın yazdığına görə, məlumatda deyilir ki, 2022-ci ildə Almaniyanın əhalisi 1,3 faiz və ya 1,1 milyon nəfər artaraq Qərbi Almaniya və Şərqi Almaniyanın birləşməsindən sonra ən sıx məskunlaşan ölkəyə çevrilib. Bu artımın əsas səbəbi son yaşamaq üçün ölkəyə daxil olan miqrantlar, xüsusilə də son vaxtlar məlum səbəbdən Almaniyaya axışan 915 mindən artıq ukraynalılardır.
Ümumilikdə Almaniyada təxminən 84,4 milyon insan yaşayır ki, bunun da 12,3 milyonu əcnəbidir. Onların 1 milyon 340 mini türkdür. Ukraynalılar 1 milyon 50 min, suriyalılar 883 min nəfərdir. Ötən il Almaniyada yaşayan ukraynalıların sayı altı dəfədən çox artıb. Əcnəbilərin ümumi əhalidə xüsusi çəkisi əvvəlki illə müqayisədə 13,1 faizdən 14,6 faizə yüksəlib.
2021-ci illə müqayisədə xarici ölkə vətəndaşlarının sayı 1,4 milyon nəfər artıb, Almaniya vətəndaşlarının sayı isə 309 min nəfər azalıb.